12 yanvar 2026 13:13
104

Trampla yol getməyən Pauelli cinayət təqibi gözləyir?

ABŞ prokurorluğu Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellə bağlı araşdırmaya başlayıb. O, FED-in baş qərargah binasının yenidən qurulması zamanı vəsaitlərin təyinatı üzrə xərclənməməsində şübhəli bilinir. Tənzimləyici qurumun rəhbəri isə baş verənləri Donald Trampla olan münaqişənin nəticəsi kimi qiymətləndirir. ABŞ prezidenti Pauelli faiz dərəcələrini endirmək istəmədiyinə görə sərt tənqid edir. Dünya mediası vəziyyətin kəskinləşməsini diqqətlə izləyir.

“İki sahil” xəbər verir ki,  The New York Times yazır ki, prokurorluq Vaşinqtonda yerləşən FED-in baş qərargahının yenidən qurulması ilə bağlı detallarla maraqlanır. Araşdırma çərçivəsində Pauellin açıq bəyanatları və xərclər üzrə hesabatlar təhlil olunur. Layihə üçün ilkin olaraq 2,5 milyard dollar ayrılmışdı, lakin faktiki xərclər 3 milyard dolları keçib. Donald Trampın fikrincə isə təmir işlərinin real dəyəri cəmi 50 milyon dollar təşkil edir.

Bu mövzu ətrafında mübahisə 2025-ci ilin yayında prezident və FED sədri arasında jurnalistlərin kameraları önündə baş verib. Həmin vaxt Donald Tramp həddindən artıq xərclərə və səriştəsizliyə görə Pauellə qarşı məhkəmə iddiası qaldıracağını bəyan etmişdi. Altı ay sonra FED rəhbəri və tənzimləyici qurumun daha bir neçə əməkdaşı məhkəməyə çağırış vərəqələri alıblar.

Cerom Pauell aparılan istintaqı Federal Ehtiyat Sisteminin müstəqilliyinə qarşı açıq hücum adlandırıb. "Axios" nəşri isə vəziyyəti Trampla FED rəhbəri arasında münaqişənin misli görünməmiş eskalasiyası kimi xarakterizə edib. Qeyd olunur ki, Donald Tramp açıq şəkildə tənqid etdiyi məmuru hələ 2017-ci ildə — özünün ilk prezidentlik dövründə bu vəzifəyə namizəd göstərmişdi. Bununla belə, o vaxtdan etibarən ABŞ Mərkəzi Bankının rəhbərini vəzifədən uzaqlaşdırmaq cəhdləri də edilib.

FED-in dekabr iclasında faiz dərəcələri sentyabr və oktyabr aylarındakı oxşar endirimlərdən sonra 3,5–3,75 faiz diapazonuna salınıb. "Business Insider"in məlumatına görə, iclasdan sonra Donald Tramp FED sədri Cerom Pauelli “axmaq” adlandıraraq, qəbul edilən endirimin “olduqca kiçik” olduğunu bildirib və faiz dərəcələrinin “ən azı iki dəfə çox” azaldıla biləcəyini vurğulayıb.