Nurlan Həsənov,
Milli Məclisin deputatı
Yanvarın 8-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) rəsmi açılışı enerji sektorunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu stansiyanın ölkəmizin ümumi inkişafına töhfə verəcəyini vurğulayıb. 240 meqavat gücündə olan həmin layihə ümumi iqtisadi dayanıqlığın möhkəmlənməsi və bərpaolunan enerji siyasətinin genişlənməsində önəmli rol oynayacaqdır.
“Xızı-Abşeron” KES-in istismara verilməsi əlamətdar hadisədir. 2022-ci ilin yanvarında təməli qoyulan layihənin qısa müddət ərzində uğurla tamamlanması məqsədyönlü planlaşdırmanın və peşəkar icranın nəticəsidir. Dövlətimizin başçısı stansiyanın inşasında əməyi olan bütün qurumlara, xüsusilə investor kimi çıxış edən “ACWA Power” şirkətinə təşəkkürünü edib. Layihə “ACWA Power” şirkətinin Azərbaycanda inşa etdiyi ilk bərpaolunan enerji stansiyasıdır, lakin sonuncu deyil. Şirkətin gələcək planları daha genişmiqyaslıdır və bu planlar dövlət tərəfindən tam dəstəklənir. Bu şirkət bərpaolunan enerji sahəsində dünya miqyasında aparıcı şirkətlərdən biridir və Azərbaycan qurumları ilə sıx əməkdaşlıq çərçivəsində yeni layihələrin icrasında maraqlıdır. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin də məhz həmin şirkət tərəfindən investor kimi həyata keçiriləcəyi diqqətə çatdırılıb.
Layihənin tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyəti də yüksək qiymətləndirilir. Sözügedən şirkət təkcə podratçı kimi deyil, gələcəkdə investor qismində də müxtəlif layihələrdə iştirak etməyi planlaşdırır. Bu isə enerji sektorunda beynəlxalq əməkdaşlığın daha da dərinləşəcəyindən xəbər verir.
Son illərdə yeni generasiya güclərinin istismara verilməsi mürəkkəb və yüksək məsuliyyət tələb edən prosesdir. Bərpaolunan enerji növlərinin böyük həcmdə enerji sisteminə inteqrasiyası yüksək peşəkarlıq, müasir texniki yanaşma və ciddi maliyyə resursları tələb edir. Qarşıdakı illərdə bu sahədə layihələrin miqyası daha da genişlənəcəkdir.
Ötən 20 il ərzində generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Bu dövr ərzində yaradılmış generasiya gücləri əvvəlki bütün mərhələlərlə müqayisədə təxminən üç dəfə artıb. Hazırda ümumi generasiya gücünün təxminən 10 min meqavata çatması enerji sektorunda tarixi rekord kimi dəyərləndirilir.
Ənənəvi və bərpaolunan generasiya gücləri paralel şəkildə inkişaf etdiriləcək. Bu yanaşma enerji təhlükəsizliyinin təmin edilməsinin əsas şərtidir. Mingəçevirdə istismara verilmiş 2000 meqavat gücündə ənənəvi elektrik stansiyası, Qaradağda 230 meqavatlıq Günəş Elektrik Stansiyası və indi də 240 meqavatlıq “Xızı-Abşeron” KES bu strategiyanın praktiki təzahürləridir. Eyni zamanda, Cəbrayıl rayonunda inşa edilən üç Günəş Elektrik Stansiyası da yaxın gələcəkdə enerji sisteminə əhəmiyyətli töhfə verəcəkdir.
Biləsuvar, Neftçala, Naxçıvan və azad edilmiş ərazilərdə yeni stansiyaların açılışı planlaşdırılır. Xüsusilə Xəzər dənizinin külək potensialının beynəlxalq qiymətləndirmələrə əsasən, 157 giqavat səviyyəsində olduğu vurğulanır. Bu göstərici gələcək illərdə bərpaolunan enerji istehsalının sürətlə artacağını deməyə əsas verir.
Prezident İlham Əliyev investisiya mühitinə də toxunaraq bildirib ki, ölkəyə 300 milyard dollardan çox xarici sərmayə cəlb olunub. Maliyyə sabitliyi, aşağı xarici borc səviyyəsi və yüksək valyuta ehtiyatları Azərbaycanın etibarlı investisiya məkanı olduğunu təsdiqləyir. Kredit reytinqinin yüksəldilməsi də aparılan islahatların beynəlxalq səviyyədə tanındığını göstərir.
Gələcək planlar çərçivəsində bərpaolunan enerjinin saxlanması üçün Batareya Enerji Saxlanc Sistemlərinin yaradılması mühüm önəm kəsb edir. Tarixdə ilk dəfə olaraq 250 meqavatlıq belə bir sistemin inşasına başlanılması enerji sektorunda yeni texnoloji mərhələnin əsasını qoyur. Eyni zamanda, 2030–2032-ci illərədək 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası planlaşdırılır.
Bərpaolunan enerji sahəsində həyata keçirilən genişmiqyaslı layihələrə yüz milyonlarla dollar sərmayə qoyulub və dövlət xarici investorların hüquqlarının qorunmasına tam zəmanət verir. Azərbaycanın etibarlı tərəfdaş imici, enerji təhlükəsizliyi sahəsində ardıcıl siyasəti və artan generasiya imkanları regionda və beynəlxalq miqyasda ölkəmizin strateji əhəmiyyətini daha da artırır.