13 yanvar 2026 08:51
135

Azərbaycanın neft diplomatiyasında yeni mərhələ

Bakı ilə İrəvan arasında iqtisadi-ticarət əlaqələrinin yaranması iki ölkə arasında etimad quruculuğuna mühüm töhfə verməklə yanaşı, regionda yeni reallıqlara və sülh perspektivlərinə qarşı təhdidləri də aradan qaldıracaq

Xəbər verildiyi kimi, Azərbaycandan Ermənistana neft məhsullarının ixracına start verilib. Baş nazirin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan arasında ötən il noyabrın 28-də Qəbədələ əldə olunan razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal edilmiş “Aİ-95” markalı 22 vaqon benzin dekabrın 18-də İrəvana yola salınıb. Xatırladaq ki, noyabrın 5-də və 8-də 35 ildən sonra ilk dəfə Rusiya və Qazaxıstandan Ermənistana buğda yüklərinin Azərbaycan və Gürcüstan üzərindən birbaşa dəmir yolu tranziti həyata keçirilmişdi. Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam edir. Belə ki, 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılır. Yanvarın 9-da 1742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Qeyd etmək yerinə düşər ki, logistikanın əlçatanlığı səbəbindən bu məhsullar qonşu ölkəyə kifayət qədər ucuz başa gəlir. Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan və şirkəti Azərbaycan benzinini idxal edən deputat Xaçatur Sukiasyan logistika xərclərini azaltmaqla Ermənistanın nə qədər qənaət edə biləcəyini izah edib. “Son 30 ildə Ermənistan həmişə müxtəlif ölkələrdən neft məhsulları idxal edib. Onilliklər ərzində Ermənistana yollar bağlanıb və nəqliyyat xərclərinə böyük məbləğlər xərclənib. Təxmini hesablamalara görə, əgər Ermənistan yanacaq istehlakının 80 faizini qonşularından (Azərbaycandan – red.) almağa başlasa, ildə 80-100 milyon dollar qənaət edər. Və bu məbləğ digər sektorların inkişafına yönələ bilər”, - Sukiasyan əlavə edib. Azərbaycandan yeni neft məhsullarının daxil olması ilə əlaqədar Ermənistanda benzinin qiymətlərinin azalması gözlənilir. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Facebook” səhifəsində məlumat paylaşıb. “Artıq qeyd etdiyim kimi, əvvəlki ayın qiymətləri ilə müqayisədə benzin və dizel yanacağının litrinin qiymətində 80 drama qədər ucuzlaşma gözlənilir. Məmnuniyyətlə bildirirəm ki, bu inkişafla əlaqədar neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətlərin endirilməsi istiqamətində çalışırlar”, – Gevorq Papoyan yazıb.

Azərbaycan və Ermənistan arasında neft məhsullarının ixracı ilə bağlı razılaşma sülh prosesinin praktiki müstəviyə daşınmasıdır. Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycanın təşəbbüsü ilə başlanan sülh danışıqlarında müəyyən razılaşmalar əldə edilsə də, prosesin praktiki müstəviyə keçməməsi sülh perspektivlərinə şübhələr yaradırdı. Sülh təşəbbüsünün müəllifi olan Prezident İlham Əliyev oktyabrda işğal dövründən bəri Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması barədə qərar imzalamaqla prosesi praktiki müstəviyə daşıdı. Bu gün Azərbaycandan Ermənistana ixracın həyata keçirilməsi sülh gündəliyinin perspektivləri baxımından tarixi əhəmiyyət daşıyır və iki ölkə arasında etimad quruculuğuna mühüm töhfə verir.

Azərbaycan və Ermənistanın iqtisadi-ticarət əlaqələrinin hər iki ölkəyə və regiona verəcəyi siyasi-iqtisadi dividentlər də önəmlidir. Azərbaycan Ermənistanın timsalında yeni bazar qazanır. Nəzərə almaq lazımdır ki, neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır. Bu, Azərbaycan üçün əlavə iqtisadi gəlir deməkdir. Eyni zamanda, ikitərəfli ticarət əlaqələrinin qurulması ilə siyasi yaxınlaşma güclənəcək ki, sülh prosesinin tamamlanması üçün bu, vacib elementdir. Həmçinin Azərbaycandan neft məhsullarını idxal etmək Ermənistana ilk növbədə enerji təhlükəsizliyini şaxələndirmək imkanı verir və məhdud mənbələrdən asılılığını azaldacaq. Bu, həm də rəsmi İrəvanın daha müstəqil siyasət yürütmək perspektivlərini gücləndirəcək. Digər tərəfdən Bakı-İrəvan xəttində iqtisadi-ticarət əlaqələrinin yaranması həm də regionda yeni reallıqlara və sülh perspektivlərinə qarşı təhdidləri də aradan qaldırmaq imkanı yaradır. Bölgədə sülh prosesinə qarşı olan qüvvələr iqtisadi müstəvidəki rıçaqlarından da istifadə edir, xüsusilə Ermənistanın məhdud enerji mənbələrindən asılı olması belə riskləri artırır. Azərbaycanın Ermənistanın enerji bazarına daxil olması iki ölkənin regional sülhü ikitərəfli formatda inşa etmək planları fonunda da vacibdir.

Azərbaycanın Ermənistana ilk ixracatının yaratdığı siyasi və iqtisadi perspektivlər Zəngəzur dəhlizinin açılmasının regiona gətirəcəyi dividendləri ön plana çıxarır. Dəhliz layihəsinin reallaşmasından sonra bütövlükdə regionun nəqliyyat-tranzit potensialı güclənəcək və təkcə Azərbaycanla Ermənistan yox, region ölkələrinin hər biri bundan yararlanacaq. Dəhlizin həm də regional nəqliyyat xətlərində rəqabəti də gücləndirəcəyi gözlənilir. Hərçənd, bu rəqabət problemlər yox, inkişaf vəd edir, xüsusilə bölgədə nəqliyyat infrastrukturunun zəngiləşməsi fonunda.

Eskpertlərin fikrincə, iki ölkə arasında neft məhsullarından başqa digər sahələrdə də iqtisadi–ticarət əlaqələri qurula bilər. Mütəxəssislər qeyd edir ki, Azərbaycan və Ermənistan arasında 30-dan çox məhsulun idxal-ixrac əməliyyatının qurulması mümkündür. Bu da, öz növbəsində, böyük ticarət dövriyyəsinin yaranmasına səbəb ola bilər. Təsadüfi deyil ki, bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarət üçün mal siyahılarının mübadiləsini aparır və öyrənir.

Sevinc Azadi, “İki sahil”