13 yanvar 2026 09:14
120

Real təhlükədən qurtula biləcəyikmi?

Qanunvericiliyə əsasən, xaricdən gətirilən və ölkəmizin əmtəə bazarında satılan bütün mallar xarici dillə yanaşı, Azərbaycan dilində də markalanmalıdır. Amma bəzən buna riayət olunmur.  Xüsusilə İrandan ölkəmizə tədarük edilən məhsulların üzərindəki etiketlərdə belə problem mövcuddur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, istehlakçının beynəlxalq hüquqlarından biri də əldə edəcəyi məhsul haqqında dürüst və geniş məlumat almaqdır: “Bu hüquq həm milli qanunvericilikdə, həm də beynəlxalq sənədlərdə öz əksini tapıb. Ona görə də əmtəə bazarındakı bütün mallar, o cümlədən qida məhsulları xarici dillə yanaşı, Azərbaycan dilinə də tərcümə ilə müşayiət olunmalıdır, yəni markalanmalıdır ki, istehlakçı lazım olan zəruri məlumatları (tərkibi, yararlılıq müddəti, kaloriliyi, saxlanılması və s.) əldə edə bilsin. Qanunvericiliyə əsasən, etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə cavab verməyən malların satışı qadağandır”.

Eyyub Hüseynov daha sonra bildirdi ki, amma neçə ildir ki, İrandan ölkəmizə gətirilən mallarda hələ də problemlər yaşanmaqdadır: “Belə ki, həmin məhsulların üzərində məlumatlar istehlakçıların başa düşmədikləri fars əlifbası ilə yazılır. Bəzi biznes subyektləri də bundan sui-istifadə edərək vaxtı keçmiş malları satışa çıxarır və bununla da istehlakçıları aldadırlar.  Şübhəsiz, bunu istehlakçı hüquqlarının pozulması isə yanaşı, həm də onlara hörmətsizlik kimi dəyərləndirmək olar. Onu da deyim ki, İrandan idxal edilən malların markalanmasında müəyyən düzəlişlər edilsə də, hələ də bu problem tam həllini tapmayıb”.

Eyyub Hüseynovun sözlərinə görə, rəhbərlik etdiyi qurum bu məsələni müvafiq təşkilatlar qarşısında qaldırıb: “Şəxsən mən bu məsələdə gömrük orqanlarını günahlandırıram. Amma həmin təşkilatdan bildirirlər ki, bu məsələnin onlara aidiyyəti yoxdur, yəni, onların səlahiyyətləri daxilində deyil”. Müsahibimiz bunu dövlət qurumlarının, xüsusilə gömrük orqanlarının bu məsələdə kifayət qədər sinxron işləmədiyi ilə əlaqələndirdi. Bildirdi ki, gömrük orqanları qanun pozuntusu aşkar etdikdə məsuliyyəti başqa qurumların üzərinə atmamalıdır. “Mən isə deyirəm, görürsünüz qanun pozulub başqa təşkilatlara müraciət edin. Bunun qarşısı mütləq alınmalıdır”.

Müsahibimiz söhbətinin sonunda bildirdi: “İstehlakçılara belə hallarla rastlaşdıqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələrini tövsiyə edirəm. Çünki bu cür qanun pozuntuları təkcə istehlakçı hüquqlarının tapdanması deyil, eyni zamanda, insanların sağlamlığı üçün real təhlükə, zəhərlənmə riskinin artması deməkdir".

Qvami Məhəbbətoğlu, “İki sahil”