Lənkəran rayonu, Göyşaban kəndində böyüyüb boya-başa çatan Sənan Nizami oğlu Ağazadə 44 günlük haqq savaşımızda 19 yaşında canını Vətənə fəda etməklə müqəddəs şəhidlik zirvəsinə ucalıb. Mərdliyi, yurd sevgisi ilə əbədi olaraq özünə qəlblərdə məkan quran, şanlı qələbəmizin qəhrəmanlıq simvoluna dönən Sənanla lənkəranlılar fəxr edirlər və onun şərəfli həyat yolunu örnək bilirlər.
Bu günlər isə Lənkəran Mərkəzi Kitabxana Sisteminin əməkdaşları Vətən müharibəsi şəhidi Sənan Ağazadənin doğum günü münasibətilə ailəsini ziyarət ediblər. Görüş zamanı şəhidin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətdən söz açılıb, onun əziz xatirəsinin daim hörmət və məhəbbətlə yad edildiyi vurğulanıb. Eyni zamanda, şəhidin xatirəsinə yaradılmış guşəyə baxış keçirilib, burada onun həyat yolu, döyüş fəaliyyəti və xatirəsini əks etdirən materiallarla tanış olublar. Həmçinin görüş çərçivəsində zəfər şəhidi Sənan Ağazadənin məzarı ziyarət olunub, ehtiram əlaməti olaraq önünə gül dəstələri qoyulub.
Bir daha xatırlayaq ki, Lənkəran elinin igid oğlu 2019-cu ildə yağıdan qisas almaq məqsədilə ordu sıralarına yola düşüb. Əsgərliyi cəbhə bölgəsində keçən Sənan Vətənini canından əziz bilməklə onu göz-bəbəyi kimi qoruyub, nümunəvi xidməti onu əsgər və zabitlərin yanında başıuca edib. Həqiqi hərbi xidmətdə olduğu zaman İkinci Qarabağ müharibəsi başlanan günü birincilər sırasında yağıya qarşı döyüşə girib. Neçə-neçə ölüm-dirim savaşından zəfərlə çıxıb.
Füzuli rayonu ərazisində gedən döyüşlərdə isə xüsusi şücaət göstərib, düşmənin çoxlu sayda hərbiçisini , texnikasını məhv etməklə ona ciddi itkilər verib. 2020-ci il oktyabrın 14-də qəhrəmancasına şəhadətə qovuşub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və digər medallara layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü