Kardiologiya İnstitutu: Daimi tələskənlik, məlumat bolluğu, psixoloji gərginlik və yuxusuzluq ürəyin fasiləsiz olaraq yüksək yüklə işləməsinə səbəb olur
Hazırkı dövrdə həyat ritminin sürətlənməsi, informasiya axınının intensivləşməsi və gündəlik stressin davamlı xarakter alması insan sağlamlığına, xüsusilə də ürək-damar sisteminə ciddi təsir göstərir. Düzgün qidalanmama, hərəkətsizlik, emosional gərginlik, zərərli vərdişlər və yuxusuzluq ürək xəstəliklərinin əsas risk faktorlarıdır. Bu səbəbdən ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında ön sıralarda yer alır və mövzunun aktuallığını açıq şəkildə nümayiş etdirir.
Uzunmüddətli stress infarkt və insult riskini artırır

Müasir həyat tərzinin ürək sağlamlığına təsiri və risk faktorları məsələlərinə aydınlıq gətirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Elmi -Tədqiqat Kardiologiya İnstitutuna sorğu ünvanladıq. Qurumdan “İki sahil” qəzetinə verilən açıqlamada bildirilib ki, sürətli həyat ritmi, daimi stress, düzgün olmayan qidalanma və fiziki passivlik ürək-damar xəstəliklərinin inkişafında həlledici rol oynayır: “Müasir həyatın sürəti ürək-damar sisteminə ciddi təsir göstərir. Daimi tələskənlik, məlumat bolluğu, psixoloji gərginlik və yuxusuzluq ürəyin fasiləsiz olaraq yüksək yüklə işləməsinə səbəb olur. İnsanlar çox zaman stresi adi həyatın bir hissəsi kimi qəbul edir. Lakin unutmaq olmaz ki, uzunmüddətli stress zamanı orqanizmdə stress hormonları artır, damarlar daralır, arterial təzyiq yüksəlir və bu da infarkt və insult riskini əhəmiyyətli dərəcədə artırır”. O da vurğulanıb ki, emosional gərginlik xüsusilə təhlükəlidir, çünki qəfil həyəcan, qorxu və ya güclü əsəb damar spazmasına və hətta ürək tutmasına səbəb ola bilər.
Ürəyin "düşmənləri" - fast-food, trans yağlar, həddindən artıq duzlu və şəkərli qidalar...

“Bəs qida vərdişlərimiz ürək-damar sağlamlığında nə qədər rol oynayır” sualına institutdan verilən cavab belə oldu: “Qida vərdişləri ürək sağlamlığında həlledici rol oynayır. Düzgün olmayan qidalanma nəticəsində xolesterol səviyyəsi yüksəlir, damarların daxilində aterosklerotik plaklar yaranır və ürəyə gedən qan axını azalır. Tərəvəz, meyvə, balıq, zeytun yağı və taxıllar ürək üçün faydalı hesab olunur, əksinə, fast-food, trans yağlar, həddindən artıq duzlu və şəkərli qidalar ürək-damar xəstəliklərinin əsas səbəblərindəndir”.
Bu isə onu göstərir ki, sağlam qidalanma yalnız ümumi sağlamlıq üçün deyil, həm də ürək üçün həyati əhəmiyyət daşıyır.
Ailədə ürək xəstəliyi olan şəxslər varsa...

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutundan “İki sahil” ə verilən məlumatda o da diqqətə çatdırılır ki, infarkt riski əsasən arterial hipertenziyası, şəkərli diabeti, yüksək xolesterolu olan, siqaret çəkən və fiziki aktivliyi az olan insanlarda daha yüksəkdir. Ailəsində erkən yaşda ürək xəstəliyi olan şəxslər də risk qrupuna daxildir. Döş qəfəsində sıxıcı ağrı, bu ağrının sol qola, çənəyə və ya kürəyə yayılması, təngnəfəslik, soyuq tər və ürəkbulanma infarktın əsas əlamətlərindəndir. Qadınlarda isə bu simptomlar bəzən daha qeyri-spesifik və bu da gec diaqnoza səbəb olur.

DİQQƏT: Hipertoniya, diabet və yüksək xolesterol ürək üçün ciddi təhlükə yaradır!
Kardiologiya İnstitundan verilən məlumatda o da bildirilir ki, xroniki xəstəliklər, xüsusilə hipertoniya, diabet və yüksək xolesterol ürək üçün ciddi təhlükə yaradır. Bu xəstəliklər illər ərzində damarları zədələyir və infarkt riskini artırır. Riskləri azaltmaq üçün mütəmadi tibbi müayinələr, sağlam qidalanma, dərmanların düzgün qəbulu və həyat tərzinin dəyişdirilməsi vacibdir. Qeyri-sağlam qidalanma, siqaret və elektron siqaretlər, hərəkətsizlik və yuxu çatışmazlığı kimi riskləri azaltmaq üçün erkən yaşlardan sağlam vərdişlər formalaşdırmaq mühüm əhəmiyyət daşıyır.
XƏBƏRDARLIQ: Tez yorulma, səbəbsiz təngnəfəslik, ürəkdöyünmə, sinədə ağırlıq hissi, gecə tərləmələri...
“Maraqlıdır, ürək xəstəliklərinin əlamətlərini vaxtında tanımaq üçün hansı işarələrə diqqət yetirmək lazımdır. Fiziki aktivlik ürəyin “dərmanı” ola bilərmi” suallarına isə Kardiologiya İnstitutundan verilən cavab belə oldu: “Ürək xəstəliklərini vaxtında tanımaq üçün tez yorulma, səbəbsiz təngnəfəslik, ürəkdöyünmə, sinədə ağırlıq hissi, gecə tərləmələri və ayaqlarda şişkinlik kimi əlamətlərə diqqət yetirilməlidir. Fiziki aktivlik isə ürək üçün ən təsirli “dərmanlardan” biridir. Gündəlik gəzinti, üzgüçülük, velosiped sürmə kimi sadə hərəkətlər ürəyin işini yaxşılaşdırır və damarları qoruyur. Hər yaşda ürəyi qorumaq üçün insan gündəlik həyatına fiziki aktivlik, balanslı qidalanma, stresin idarə olunması, keyfiyyətli yuxu və mütəmadi tibbi nəzarəti daxil etməlidir. Ürək sağlamlığı birdən-birə pozulmur, lakin düzgün həyat tərzi ilə uzun illər qoruna bilər”.
Yaqut Ağaşahqızı, “İki sahil”
Su təhlükəsizliyində YENİ MƏRHƏLƏ: 2035-Cİ İLƏ QƏDƏR DAYANIQLI TƏMİNAT ƏSAS HƏDƏFDİR
Dövlət su təchizatı ilə bağlı çox aydın yol xəritəsinə malikdir - Bəhruz Məhərrəmov