15 may 2026 01:31
115

Gənclər və İdman Nazirliyi 2026-cı ildə narkomaniyaya qarşı mübarizə sahəsində fəaliyyətini genişləndirib

Bu gün dünyanın əsas problemlərindən birinə çevrilmiş narkomaniya bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə mənbəyidir. Faciəvi nəticələrə səbəb olan narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyata ciddi zərbə vurur. Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir.

Çox təəssüf ki, narkomaniya ölkəmizdə də ciddi problem olaraq qalmaqdadır. Bəzi gənclər narkotik asılılığı girdabına düşür, bu da narkomaniya ilə bağlı cinayətlərin törədilməsinə səbəb olur. Narkotiklərlə bağlı cinayətlərin artım dinamikası problemin cəmiyyət üçün doğurduğu təhlükəni daha da artırır. Narkomanların say artımı milli genofond üçün ciddi təhdid yaradır.

Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər. Narkomaniyaya qarşı ardıcıl mübarizə bir çox istiqamətlər üzrə əməli addımlar atılması zərurətini şərtləndirir.

Dövlət rəhbərliyi tərəfindən bu sahədə qarşıda qoyulmuş vəzifələrin həlli məqsədilə Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı mübarizə çərçivəsində ardıcıl tədbirlər həyata keçirir, sağlam həyat tərzinin təbliği sahəsində məqsədyönlü fəaliyyətini davam etdirir.

2026-cı ilin ötən dövrü ərzində Gənclər və İdman Nazirliyi tərəfindən gənclər arasında sağlam həyat tərzinin təşviqi, narkotik vasitələrin və digər zərərli vərdişlərin qarşısının alınması istiqamətində məqsədyönlü və sistemli tədbirlər həyata keçirilmişdir. Nazirliyin fəaliyyətində əsas prioritetlərdən biri gənclərin maarifləndirilməsi, onların riskli davranışlardan uzaqlaşdırılması və cəmiyyətə sağlam inteqrasiyasının təmin olunması olmuşdur.

Nazirliyin strukturuna daxil olan regional gənclər və idman idarələri tərəfindən il ərzində “Zərərli vərdişlərə yox deyək və mübarizə üçün birləşək!”, “Sağlam gələcəyə addım”, “Narkomaniya və zərərli vərdişlərə qarşı” mövzularında ümumilikdə 26 təlim, seminar və maarifləndirici aksiya təşkil olunmuşdur. Bu tədbirlərdə 1520 nəfər gənc iştirak etmiş, onlara narkotik vasitələrin insan sağlamlığına, sosial həyatına və gələcəyinə vurduğu zərərlər barədə geniş məlumat verilmişdir.

Regional gənclər və idman idarələri tərəfindən təşkil olunan tədbirlər geniş coğrafiyanı əhatə etmişdir. Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən “Narkomaniyaya yox deyək!”, “Həyatını sağlam yaşa!” və “Zərərli vərdişlərə yox deyək!” mövzularında keçirilən seminarlarda ümumilikdə 185 nəfər gənc iştirak etmişdir. Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən “Sağlam cəmiyyət, narkotiksiz gələcək” və “Sağlam gənclik: Narkomaniyaya qarşı birlikdə” mövzularında keçirilən tədbirlərdə 60 nəfər gənc iştirak etmişdir.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən “Narkomaniyaya və erkən nikahlara qarşı mübarizə hər birimizin vətəndaşlıq borcudur” mövzusunda keçirilən görüşlərdə ümumilikdə 114 nəfər gənc iştirak etmişdir. Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən “Narkomaniyaya yox deyək!” mövzusunda aksiya və tədbirlər, eləcə də “Narkotiklərə qarşı mübarizə yolları” mövzusunda təlimlər təşkil olunmuş, bu tədbirlərdə ümumilikdə 95 nəfər gənc iştirak etmişdir.

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən “Narkomaniyaya yox deyək!” devizi altında keçirilən aksiya, görüş və videoçarx nümayişləri ilə 292 nəfər gənc maarifləndirilmişdir. Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin “Narkomaniya əsrin bəlasıdır” adlı tədbirində 80 nəfər iştirak etmişdir. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən “Narkomaniyanın gənclərin sağlamlığına və gələcəyinə vurduğu zərər” mövzusunda görüş, “Gənclər narkomaniyaya yox deyir” adlı rəsm sərgisi və “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda tədbirlər keçirilmiş, ümumilikdə 150 nəfər gənc iştirak etmişdir.

Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən “Narkomaniya: təhlükələr və nəticələr”, “Bəşəriyyətin bəlası – narkomaniyaya yox deyək”, eləcə də “Narkotikə yox deyək!” və “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzularında keçirilən tədbirlərdə ümumilikdə 130 nəfər iştirak etmişdir. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin “Narkomaniya və zərərli vərdişlərin fəsadları” mövzusunda təşkil etdiyi seminarda 187 nəfər gənc iştirak etmişdir.

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi tərəfindən “Narkomaniya və zərərli vərdişlərə qarşı” mövzusunda keçirilən tədbirdə 39 nəfər, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin “Zərərli vərdişlərə yox” adlı görüşündə isə 68 nəfər gənc iştirak etmişdir. Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan maarifləndirici tədbirdə 120 nəfər məktəbli narkomaniyanın zərərləri barədə məlumatlandırılmışdır.

Eyni zamanda, nazirliyin tabeliyində fəaliyyət göstərən “Gənclər Evi” sosial xidmət müəssisələrində də narkomaniyaya qarşı mübarizə istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, Tovuz Gənclər Evində “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə 55 nəfər gənc iştirak etmişdir. Şəmkir Gənclər Evində “Narkomaniyanın zərərli təsirləri”, “Narkomaniyaya yox deyək” və “Narkomaniya və zərərli vərdişlərin fəsadları” mövzularında keçirilən tədbirlərdə ümumilikdə 70 nəfər gənc iştirak etmişdir. Saatlı Gənclər Evində “Narkotik asılılığın fəsadları” adlı təlimdə 31 nəfər iştirak etmişdir.

Beyləqan Gənclər Evində “Riskli davranışlar və narkotik maddələrə münasibət” mövzusunda sorğu, eləcə də “Narkomaniyaya yox deyək” və “Narkomaniya ilə mübarizə” adlı təlimlər keçirilmiş, ümumilikdə 33 nəfər gənc iştirak etmişdir. Ucar Gənclər Evində “Sağlam Gənclik: Narkomaniyaya qarşı birlikdə” adlı görüşdə 20 nəfər, Yevlax Gənclər Evində keçirilən maarifləndirici tədbirdə isə 40 nəfər gənc iştirak etmişdir. Füzuli Gənclər Evində “Gələcəyini qoru – Narkomaniyaya yox” adlı tədbirə 9 nəfər qatılmışdır.

Nazirlik tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin genişləndirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə respublikanın bütün ərazilərində sorğuların keçirilməsi planlaşdırılır. Eyni zamanda, “Gənclər Evi” sosial xidmət müəssisələrində fəaliyyət göstərən mütəxəssislər üçün narkomaniyaya qarşı mübarizə mövzusunda ixtisasartırma təlimlərinin təşkili nəzərdə tutulur.

Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi bu tədbirlər gənclərin sağlam mühitdə formalaşmasına, onların zərərli vərdişlərdən uzaq tutulmasına və cəmiyyətin gələcək inkişafına mühüm töhfə verir. Narkomaniyaya qarşı mübarizə sahəsində aparılan bu məqsədyönlü fəaliyyət gələcək illərdə də davam etdiriləcəkdir.

Narkomaniyaya qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Gənclər və İdman Nazirliyi nakomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı öz töhfəsini vermək üçün bütün imkanları səfərbərliyə alaraq, bu istiqamətdə fəaliyyətini məqsədyönlü şəkildə davam etdirir.

Gənclər və İdman Nazirliyi