Ağdərə rayonunun Çıldıran kəndində iki mövcud transformator, elektrik və qaz xətləri bərpa olunub.
“İki sahil” xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
O, Çıldıran kəndində tarixi əhəmiyyətli qədim abidələrin olduğunu vurğulayıb:
"Çıldıran Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini heyvandarlıq və bitkiçilik təşkil edib. Kənddə məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Kəndin ərazisi tarixi abidələrlə zəngindir. Burada XII əsrə aid "Alban məbədi" və XIII əsrə aid "Qırmızı məbəd" memarlıq abidələri yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub".
Şöbə müdiri kənddə 177 fərdi evdən 69-nun yararsız, 108-nin isə qismən yararlı olduğunu qeyd edib:
"İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib. Bu il daha 30 evin bərpası planlaşdırılır. Hazırda ilkin olaraq kəndə 13 ailə (48 nəfər) qayıdıb. Çıldıran kəndində iki mövcud transformator, elektrik və qaz xətləri bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib. Bundan başqa, su nasosu istifadəyə verilib, ümumi həcmi 190 kubmetr olan su anbarları təmizlənib və subartezian quyusu təmir olunub, 8,4 kilometr uzunluğunda kənddaxili yollar bərpa edilib, park salınıb". //Report.az