30 iyun 2026 09:48
114

Milli Məclisin deputatı Ağalar Vəliyev Xaçmaz rayonunda qabaqcıl müəllimləri və əlaçı şagirdləri mükafatlandırıb

Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda qabaqcıl müəllimlərin, əlaçı şagirdlərin, şəhid və qazi ailələrinin məktəbli övladlarının mükafatlandırma mərasimi təşkil olunub. 

“İki sahil” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə millət vəkili ilə yanaşı İcra Hakimiyyətinin Başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Toplantıda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyaya əsaslanan Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasının  ardıcıllıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsili davamlı olaraq inkişaf edir. 
Dövlət başçısının  rəhbərliyi ilə uğurla gerçəkləşdirilən insan kapitalının formalaşdırılması siyasətinin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin icrası nəticəsində təhsil infrastrukturunun yenilənməsi təmin olunur.  
Qeyd olunub ki, ölkə rəhbərliyinin təhsil siyasətinin dəstəklənməsi, təhsilin inkişafının stimullaşdırılması, təlim və tədris prosessində nailiyyətləri olanların həvəsləndirilməsi məqsədi ilə Ağalar Vəliyev tərəfindən bir sıra təşəbbüslər irəli sürülüb və çoxsaylı mükafatlandırma proqramları həyata keçirilib.
 Tədbirdə deputat tərəfindən 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə 41 məktəbdən 99 qabaqcıl müəllimə və 276 əlaçı şagirdə müxtəlif məbləğlərdə pul mükafatı  təqdim edilib.
Millət vəkili həmçinin, tədris göstəricilərindən asılı olmayaraq şəhid və qazi ailələrinin 37 məktəbli övladına maliyyə dəstəyi göstərib.
Beləliklə, son iki tədris ilinin yekunlarına əsasən Milli Məclisin üzvünün mükafatlandırdığı qabaqcıl müəllimlərin sayı 194 nəfər, əlaçı şagirdlərin sayı 604 nəfər, maliyyə dəstəyi gösrərdiyi məktəbli şəhid və qazi övladların sayı isə 59 nəfər təşkil edib.
Ağalar Vəliyev mərasimdə mükafatlandırılan qabaqcıl müəllimlərə, əlaçı  şagirdlərə, şəhid və qazi övladlarına təbriklərini çatdırıb və Xaçmaz rayonunun bütün təhsil ictimaiyyətinə yeni tədris ilində uğurlar arzulayıb.
Tədbir iştirakçıları təhsilin inkişafına, müəllimlərə və şagirdlərə göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.