Ekspert: Əmək bazarı yeni mərhələyə daxil olur
Süni intellektin əmək bazarına təsiri artıq nəzəri müzakirə mövzusu deyil, real proses kimi özünü göstərir. Müxtəlif sahələrdə işin təşkili dəyişir, işçi tələbləri yenilənir, bəzi peşələr isə əvvəlki əhəmiyyətini tədricən itirir. Bu dəyişikliklər birdən-birə baş vermir, lakin ardıcıl və sistemlidir. Əmək bazarında müşahidə olunan transformasiya süni intellektin texniki imkanlarından çox onun istehsal və xidmət proseslərinə necə inteqrasiya olunması ilə bağlıdır.
Əsas dəyişiklik əmək fəaliyyətinin məzmununda özünü göstərir. Süni intellekt ənənəvi olaraq insan düşüncəsinə bağlı hesab edilən funksiyalara daxil olur. Məlumatların emalı, analiz, proqnozlaşdırma və standart qərarların qəbulu kimi proseslər getdikcə avtomatlaşdırılır. Bu isə bir sıra sahələrdə insan əməyinə ehtiyacı azaldır. Xüsusilə qaydalara əsaslanan, təkrarlanan və dəyişkənlik payı aşağı olan işlər risk altındadır. Əmək bazarında bu kateqoriyaya aid sahələrin payı kifayət qədər genişdir.
Köhnə peşələr geri çəkilir, yeniləri önə çıxır
Eyni zamanda, süni intellekt əmək bazarında yeni ixtisaslaşma istiqamətləri formalaşdırır. Texnologiyanın tətbiqi özü yeni iş bölgüsü yaradır. Sistemlərin idarə olunması, nəzarət mexanizmlərinin qurulması, məlumat təhlükəsizliyi və alqoritmlərin düzgün işləməsinə cavabdehlik yeni əmək sahələri kimi meydana çıxır. Bu baxımdan əmək bazarında ümumi daralma yox, struktur dəyişməsi baş verir. Lakin bu dəyişmə balanslı şəkildə paylanmır.
Uyğunlaşma qabiliyyəti bu mərhələdə əsas meyar kimi önə çıxır. Rəqəmsal bacarıqlara malik olan, yeni texnologiyalarla işləməyi bacaran işçilər üçün imkanlar genişlənir. Digər tərəfdən, uzun illər dəyişməz iş modeli ilə fəaliyyət göstərən, ixtisasını yeniləməyən əmək resursları üçün risklər artır. Bu fərq əmək bazarında sosial bərabərsizliyin dərinləşməsi ehtimalını gücləndirir və süni intellekti təkcə texnoloji deyil, sosial faktor kimi də gündəmə gətirir.
Süni intellekt, həmçinin əmək münasibətlərinin təşkilinə təsir göstərir. Bir çox müəssisə daha az sayda işçi ilə daha yüksək məhsuldarlıq əldə etməyə çalışır. Bu isə işçilərdən daha çoxfunksiyalı yanaşma tələb edir. Bir vəzifə çərçivəsində məhdudlaşan klassik iş modeli yerini çevik bacarıqlara əsaslanan əmək formasına verir. Nəticədə ixtisas anlayışı dəyişir, peşə sərhədləri daha qeyri-müəyyən xarakter alır.
Dəyişikliklər işin vaxt və məkan çərçivəsini də yenidən müəyyənləşdirir. Uzaqdan işləmə, layihə əsaslı əmək münasibətləri və çevik qrafiklər daha geniş yayılır. Bu model bəzi hallarda səmərəliliyi artırsa da, iş sabitliyi ilə bağlı suallar doğurur. Əmək bazarında qeyri-müəyyənlik amili güclənir və bu, işçilər üçün əlavə adaptasiya tələbi yaradır.
Mövcud proseslər göstərir ki, əsas məsələ süni intellektin iş yerlərini sıradan çıxarması deyil. Əsas məsələ əmək bazarının bu texnoloji dəyişikliklərə nə dərəcədə hazırlıqlı olmasıdır. Təhsil sistemi, ixtisasartırma mexanizmləri və əmək siyasəti paralel şəkildə yenilənmədikcə, texnologiyanın yaratdığı üstünlüklər məhdud qrup üçün əlçatan olacaq. Süni intellekt əmək bazarında həlledici rol oynasa da, nəticəni müəyyən edən faktor insan resurslarının bu dəyişikliklərə uyğunlaşma səviyyəsidir.
Avtomatlaşdırma itki yox, transformasiyadır

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, süni intellekt əmək bazarının strukturuna ciddi təsir göstərir “Rutin, təkrarlanan və məlumat yönümlü işlərin avtomatlaşdırılması bəzi sahələrdə işçi tələbatını azaldır. Eyni zamanda, yeni ixtisaslar və yüksək bacarıqlı peşələr, məsələn, Sİ mühəndisləri, məlumat alimləri və etik ekspertlər yaranır.
Bu texnoloji transformasiya məşğulluğu tamamilə azaltmır; əksinə, işçi qüvvəsi texnologiyaya uyğun bacarıqlar qazandıqca daha keyfiyyətli və yüksək məhsuldarlığa malik iş yerləri meydana çıxır. Əsas məsələ işçilərin davamlı təlimi və peşə bacarıqlarının artırılmasıdır”.
Maaş siyasəti də dəyişir
Asif İbrahimov qeyd etdi ki, süni intellekt, həmçinin əmək məhsuldarlığını yüksəldir və işçilərin dəyərini artırır: “Bu dəyişiklik əməkhaqqı siyasətində bacarıq və performans əsaslı yanaşmaların vacibliyini ortaya qoyur. Rutin işlərdə maaş təzyiqi ola bilsə də, yüksək ixtisaslı işçilər üçün tələbat və əmək haqqı artacaq.
Qısası, süni intellekt əmək bazarında struktur dəyişiklikləri yaradır, məhsuldarlığı artırır. İnnovasiya yönümlü, ədalətli əmək bazarını formalaşdırmaq üçün strategiyalar hazırlanmalıdır”.
Nigar Orucova, “İki sahil”