15 yanvar 2026 11:44
100

Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 40 %-i yenilənib

Bakı şəhərindən ölkənin digər şəhər və rayonlarına şəhərlərası daşıma üzrə avtobus parkının 40 %-i yenilənib.

"İki sahil" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, 2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci il ərzində isə 495 marşrut reysi üzrə müsabiqələr keçirilib. Bu dövr ərzində "Neoplan Cityliner", "King Long", "Yutong", "İsuzu", "JAC Sunray", "Qazel NEXT", "MAN", "TEMSA HD 12", "Hyundai County", "Golden Dragon" markalı 131 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib.

Avtobuslardan 24-ü 2023, 38-i 2024, 69-u isə 2025-ci ildə istismara buraxılıb.

Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib. Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96 %-i "biletim.az" portalına qoşulub.