16 yanvar 2026 01:25
90

Naxçıvanın dialekt və şivələrinin sosiolinqivistik xüsusiyyətləri

Azərbaycan dialektologiyası dilin şivələrini öyrənən dilçilik sahəsidir. Dialektin öyrənilməsi dialektologiya sahəsi üçün  əhəmiyyətlidir. Bu, xalqın danışıq dilinin sosial və mədəni xüsusiyyətlərini ortaya çıxarır. Azərbaycan dilinin cənub qrupu dialektlərinə daxil olan Naxçıvan dialekt və şivələrinin fonetik, leksik və qrammatik xüsusiyyətləri araşdırılır. Naxçıvan dialekti Azərbaycan dilinin regional fərqliliyini ortaya çıxarır.

Dialektologiya elə bir sahədir ki, o dilin qədim laylarını yaşadıb mühafizə edir. Dildə mövcud olan fonetik, leksik, morfoloji və sintaktik əlamətlər ədəbi dildəki işləkliyini itirsə də, dialekt və şivələr bu baxımdan dil ünsürləri passiv fonda keçərkən belə mühafizəkar mövqedə dayanır. Bu baxımdan dilin saxlanc yeri olan dialekt və şivələrin aramsız tədqiqi xüsusi əhəmiyyət daşıyır.

Hər bir dialekti dərindən incələdikdə onun fonetikası, morfologiyası, sintaksisi və leksikasında bir sıra ortaq və fərqli cəhətlər ortaya çıxır. Dialektologiya ilə bağlı aparılmış tədqiqatlara nəzər saldıqda məlum olur ki, indiyə qədər Azərbaycan dilinin coğrafi əraziləri üzrə olduqca zəngin dialektoloji araşdırmalar icra olunmuşdur. Ümumiyyətlə, Azərbaycan dilinin dialekt sistemi zəngin və çoxşaxəlidir. Bu sistem daxilində Naxçıvan dialekt və şivələri həm dil quruluşu, həm də sosial funksiyaları baxımından xüsusi əhəmiyyət kəsb edir.  Naxçıvan dialekt və şivələri Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ərazisini əhatə etməklə Azərbaycan dili dialekt və şivələrinin cənub qrupunu özündə birləşdirir. Leksikonu olduqca zəngin olan bu qrupda ədəbi dildə işlənməyən bir çox söz və ifadələrlə rastlaşırıq. Göstərilən ayrı-ayrı şivələrdə bu ifadələr elə fonetik variantda işlədilir ki, eyni bir əşya, yaxud məfhum başqa-başqa sözlərlə ifadə olunur. Bu zəngin dialekt leksikası birdən-birə yaranmamış, Azərbaycan dilinin uzun sürən tarixi inkişafı nəticəsində meydana gəlmişdir. Azərbaycan dilinin, o cümlədən dialekt və şivələrimizin lüğət tərkibinin əsası türk mənşəli sözlərdən ibarətdir. Azərbaycan dili dialekt və şivələri tarixi-coğrafi baxımdan qruplaşdırılır və 4 qrupa bölünür. Bunlardan biri cənub qrupuna daxil olan Naxçıvan dialektidir. Dilin lüğət tərkibinin zənginləşməsində dialekt leksikasının da böyük rolu vardır. Dilin tarixi inkişafı nəticəsində dialektizmlərin bir qismi özünün məhəlli xüsusiyyətlərini itirərək ədəbi dilin leksikasına daxil olur. Bu baxımdan dialekt və şivələrin leksikasının öyrənilməsinin çox böyük əhəmiyyəti var. Elmin, texnikanın inkişafı və bu inkişaf prosesində yaranan çoxsaylı terminlər dildə qarşılığı olmadığı üçün məcburən başqa dillərə müraciət edilir. Lakin dialekt və şivələrin müxtəlif sahələrə aid zəngin lüğət materialı dilimizə gələn yeni məfhumların adlarının xalq dili əsasında yaradılmasına imkan verir. Naxçıvan bölgəsinin tarixi-coğrafi mövqeyi, eləcə də qonşu xalqlarla uzunmüddətli təması burada formalaşmış dialekt və şivələrin sosiolinqvistik xüsusiyyətlərini müəyyən edən əsas amillərdir.

Naxçıvan dialekt və şivələrinin sosiolingvistik xüsusiyyətləri onun regional identifikasiyası, yaş və peşə qrupları arasında fərqlənməsi, eləcə də ədəbi dilin təsiri, dialekt müxtəlifliyinin qorunması və dəyişməsi kimi amillərlə müəyyən olunur, burada söz ehtiyatı, fonetik, morfoloji və sintaktik xüsusiyyətlər sosio-mədəni kontekstdə tədqiq edilir və Naxçıvanın zəngin etnoqrafiyasını əks etdirir.

Naxçıvan şivələri özünəməxsus fonetik, leksik və morfoloji xüsusiyyətləri ilə digər Azərbaycan dialektlərindən fərqlənir, bu da yerli əhalinin kimliyini gücləndirir. Şuşa şivəsi ilə ortaq leksik vahidlər və oxşar danışıq formaları mövcuddur, bu da tarixi-mədəni əlaqələrin göstəricisidir. Kəndlərdə daha qədim dialekt formaları qorunarkən, şəhərdə (Naxçıvan şəhəri) dil standart dilə yaxınlaşır.

Dialektlər milli adət-ənənələri, etnoqrafiyanı özündə saxlayır. Əsasən Şərq Azərbaycan dialektlərinə aid olunan xüsusiyyətlər üstünlük təşkil edir, lakin bölgəyə xas unikal sözlər və ifadələr (məsələn, Ordubad dialektində) də mövcuddur. Naxçıvan dialekt və şivələrinin sosiolingvistik tədqiqi göstərir ki, onlar təkcə dilçilik deyil, həm də etnoqrafik və mədəni bir fenomendir. Bu dialektlər milli kimliyin formalaşmasında, regional mədəniyyətin qorunmasında və digər bölgələrlə dialektal əlaqələrin yaradılmasında mühüm rol oynayır.

Naxçıvanın dialekt və şivələrinin sosiolinqivistik  xüsusiyyətləri göstərir ki, dialekt Azərbaycan dilinin ən mühafizəkar qollarından biridir. Bu dilin qorunub saxlanması - tarixi -coğrafi davamlılıq, sosial identiklik, ədəbi dillə simbioz faktorlarına əsaslanır.

Naxçıvan dialekti Azərbaycanın linqvistika  xəritəsində qədimliklə müasirliyin qovuşduğu sahədir. Bu şivələrin xalqın etnik mədəniyyətinin, şifahi ənənəsinin gələcək nəsillərə ötürülməsində böyük rolu var.

Ağca Musayeva,
AMEA-nın Nəsimi adına Dilçilik İnistutunun kiçik elmi işçisi