Çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik və humanistlik. Prezident İlham Əliyevin güclü iradəsinə əsaslanaraq uğurla həyata keçirilən sosial siyasət ölkəmizdə əhalinin müdafiəsinə yönəlib. Bu, bir gerçəklikdir ki, Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən tədbirlər dayanıqlı sosialyönümlü siyasətin inkişafına və əhalinin rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.
Son illərdə bu sahədə həyata keçirilən genişmiqyaslı qabaqlayıcı tədbirlər bir daha təsdiq edir ki, ölkə başçısının əsas məramı və məqsədi, başlıca amalı yalnız Azərbaycan dövlətinin və onun vətəndaşının mənafeyinin qorunmasıdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə sosial dövlət konsepsiyasının daha da möhkəmlənməsinə xidmət edir. Bu siyasət vətəndaşın rifahını hər zaman diqqət mərkəzində saxlayan, sosial ədaləti əsas tutan möhkəm strateji xəttin nəticəsidir. Son illərdə ölkəmizdə çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda Sosial müdafiə sistemi daim yenilənərək ünvanlılığa üstünlük verilib, müvafiq islahatlar aparılıb, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin həcmi artırılıb. Ölkə rəhbərliyi vətəndaşların rifah halının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edib və hazırda etməkdədir.
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanllarına müsahibəsində 2025-ci ildə dövlətimizin sosial siyasətinin nəticələri, cəmiyyətin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə davam etdiriləcək layihələrdən danışarkən bildirib ki, bu istiqamətdəki siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bu sadəcə olaraq şüar deyil. Bizim siyasətimiz həm sosialyönümlü, həm də ki, investisyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz, bu birincisi. İkincisi, həmişə çalışmışam və bu gün də çalışıram populizmdən uzaq olum və mümkün olmyan vədləri verməyim. Mümkün olan inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram. Əgər son ilin statiskasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur”.
Bu gün ölkəmizdə ərazi bütövlüyümüz uğrunda öz canını qurban verən şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. Bu, Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindəndir. Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlillərinə, onların ailələrinə dövlət tərəfindən məzillər verilib. Beş yüzdən çox insan ən son model protezlə təmin edilib. İşğal dövründə 300 mindən çox məcburu köçkün yeni evlərlə, mənzillərlə təmin edilib, 100-dən çox şəhərcik inşa olunub. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib.
Son 20 il ərzində ölkəmizdə 3 min 600 məktəb, yüzlərlə xəsətəxana tikilib və əsaslı təmir edilib. 100 mindən çox insan özünüməşğulluq proqramı ilə əhatə olunub. Ölkədə özünəməşğulluq proqramlarının həyata keçirilməsi, əmək bazarının inkişaf etdirilməsi, əhalinin geniş sosial qruplarına iş tapmaq imkanlarının yaradılması mövcud siyasətin mühüm hissəsidir.
Son illər insanların rifah halının daha da yaxşılaşdırılması üçün bu sahədəki pozuntular, ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizmlər tətbiq edilir. Ölkəmizin iqtisadiyyatı inkişaf etdikcə, valyuta ehtiyatları artıqca bu sahəyə daha çox vəsait ayrılır. Bütün bunların nəticəsində Azərbaycanda son yeddi il ərzində 5 sosial islahat paketi icra edilib. Bu islahatlar 4 milyon vətəndaşımızı əhatə edib, maliyyə tutumu 8 milyarda yaxın olub. Yeri gəlmişkən, Ötən il Dövlət Sosial Müdafiə Fondunun xərcləri əvvəlki ilə nisbətən 9 faiz və ya 629 milyon manat artaraq 7, 5 milyard manat təşkil edib. Orta aylıq pensiya ötən il daha 9 faiz artaraq 543 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 578 manata çatıb. Pensiyalardakı artım dinamikası bu il də davam edəcək.
Zahid Rza, “İki sahil”