15 yanvar 2026 22:35
182

Tam və mütləq Qələbə: Azərbaycan təkcə müharibəni yox, sülhü də qazandı

Azərbaycan son 80 ildə müharibəni mütləq Qələbə ilə başa vuran nadir dövlətlərdən biri kimi tarixə düşüb

Ermənistan 30 il ərzində beynəlxalq hüquq normalarını açıq şəkildə pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlasa da, dünya birliyi uzun illər bu fakt qarşısında susqunluq nümayiş etdirdi. Bəzi hallarda isə işğalçıya dolayısı və ya açıq dəstək göstərildi. Lakin bu ikili standartlar Azərbaycanı məyus etsə də, yolundan döndərə bilmədi. Rəsmi Bakı bütün bu illər ərzində problemin sülh yolu ilə həllinə üstünlük verdi. Danışıqlar aparıldı, beynəlxalq tribunalardan haqq səsimiz çatdırıldı. Lakin qarşı tərəfin destruktiv mövqeyi və təxribatları sülh imkanlarını tam tükəndirirdi. Nəticədə Azərbaycan öz haqqını döyüş meydanında bərpa etmək məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan Qələbə bütün Azərbaycan xalqının qələbəsi kimi yadda qaldı. Bu, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasətinin və xalqın birliyinin məntiqi nəticəsi idi. Azərbaycan son 80 ildə müharibəni mütləq Qələbə ilə başa vuran nadir dövlətlərdən biri kimi tarixə düşdü.

Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib ki, torpaqların itirilməsi, böyük sayda şəhidlərin şəhadətə ucalması - bütün bu ədalətsizliklər bizi xalq olaraq çox incidirdi, ancaq bizi sarsıtmadı. Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq: “Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində”.

Bu, hərbi güclə yanaşı, siyasi uzaqgörənliyin və rasional qərarların nəticəsi idi. Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan azad olundu. Bu proses Azərbaycanın hərbi gücü, strateji planlaşdırması və diplomatiya sayəsində işğal altında olan ərazilərin işğalçılardan təmizlənməsini təcəssüm etdirirdi. Prezident İlham Əliyevin apardığı siyasət göstərdi ki, müharibə yalnız silahla deyil, həm də ağılla və diplomatiya ilə qazanılır. Azərbaycan itkisiz şəkildə ərazilərini geri qaytardı, regional reallıqları dəyişdi və beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi.

Ölkə başçısı sakinlərlə görüşdə qeyd edib ki, biz şanlı Zəfərimizi, Zəfər yürüşümüzü iki mərhələyə bölərək həm də cavanlarımızı qoruduq. Çünki əgər 2020-ci il noyabrın 10-da müharibə dayanmasaydı, bəlkə də minlərlə şəhid verməli olacaqdıq: “O cümlədən bax burada, bu dağlarda, Ağdərə dağlarında, Kəlbəcər dağlarında, Laçın dağlarında, Ağdamın minalanmış zolaqlarında minlərlə şəhid verə bilərdik. Biz onları qoruduq, onları qurban vermədik. Ancaq bilirdik ki, gün gələcək və biz bütün Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, mənfur düşməni torpaqlarımızdan qovacağıq və tam Qələbə qazanacağıq. İndi də burada, - bir tərəfdə şəhid anası, bir tərəfdə ağbirçək, - sizinlə bərabər durmuşuq. Bu, çox xoşbəxt bir hissdir, xoşbəxt bir gündür, gözəl bir gündür”.

Son 80 ilə, yəni İkinci Dünya müharibəsindən sonrakı dövrə baxdıqda həqiqətən də heç bir ölkənin müharibədən tam qalib çıxdığının şahidi olmuruq. Son onilliklərdə baş verən münaqişələrin əksəriyyəti ya dondurulmuş vəziyyətdə qalır, ya da hərbi mərhələdə əldə olunan üstünlüklər siyasi və hüquqi nəticələrlə tamamlanmadığı üçün yalnız “yarımçıq qələbə” xarakteri daşıyır. İraq, Əfqanıstan, Liviya, Suriya, Yəmən, Mali, Kosovo və Ukrayna nümunələri göstərir ki, hərbi əməliyyatlar müəyyən mərhələdə üstünlük yaratsa belə, davamlı dövlətçilik modeli, sabit siyasi quruluş və hüquqi yekun nizamlanma formalaşmayanda qələbə anlayışı nisbi məzmun kəsb edir. Məsələn, İraqda rejimin devrilməsinə baxmayaraq, uzunmüddətli siyasi sabitlik təmin edilmədi, Əfqanıstanda 20 illik hərbi iştirak nəticədə əvvəlki qüvvələrin hakimiyyətə qayıtması ilə başa çatdı, Liviyada dövlət idarəçiliyi parçalandı, Suriyada lokal hərbi uğurlar olsa da, ümumi nizamlanma baş vermədi, Yəməndə münaqişə açıq fazada qaldı, Kosovoda hüquqi-siyasi status tam yekunlaşmadı, Ukraynada isə nə hərbi, nə diplomatik, nə də hüquqi nəticə formalaşdı. Bu mənzərə fonunda Azərbaycanın Qarabağda əldə etdiyi nəticə mahiyyətcə fərqli model kimi çıxış edir. Azərbaycan əvvəlcə 2020-ci ildə qazandığı hərbi qələbə ilə işğala son qoydu, daha sonra bu reallıq Praqa və Brüssel formatlarında, eləcə də 2025-ci ildə Vaşinqtonda sülh sazişinin paraflanması ilə siyasi-diplomatik səviyyədə rəsmən tanındı, paralel olaraq qanunsuz silahlı dəstələr tərksilah edildi, separatçı strukturlar ləğv olundu və 30 il ərzində müharibə cinayətlərinin başında duranlar Azərbaycan məhkəmələri qarşısına çıxarıldı. Beləliklə, Azərbaycan Qələbəni hərbi mərhələ ilə məhdudlaşdırmadı, onu siyasi legitimlik və hüquqi məsuliyyət mexanizmləri ilə tamamlayaraq müasir dövr üçün nadir sayılan “tam və mütləq Qələbə modeli” formalaşdırdı. Bu model sübut etdi ki, qələbə yalnız döyüş meydanında yox, diplomatiyada və beynəlxalq hüquq müstəvisində də təsdiqləndikdə davamlı sülh və real suverenlik təmin edilir. Deməli, Azərbaycan təkcə müharibəni yox, sülhü də qazandı.

Beləliklə, Azərbaycanın qazandığı qələbə bir dövlətin siyasi iradəsinin, xalqın milli həmrəyliyinin və ordunun gücünün tarixi təntənəsi kimi tarixə yazıldı. Özü də bu qələbə təkcə müharibənin bitməsi ilə məhdudlaşmır - regionda sabit sülhə, reinteqrasiyaya və sosial-iqtisadi inkişafın yeni mərhələsinə açılan strateji bir qapı rolunu oynayır.

Sevinc Azadi, “İki sahil”