15 yanvar 2026 21:37
122

DOST Agentliyi 3 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 3 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

“İki sahil” xəbər verir ki, Agentlik Böyük Britaniyanın "GCL International" sertifikatlaşdırma təşkilatı tərəfindən ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), ISO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarəedilməsi), həmçinin Türkiyənin "MSC" sertifikatlaşdırma təşkilatı tərəfindən ISO 37001:2025 (Korrupsiyaya qarşı idarəetmə sistemi) üzrə bütün mərhələləri uğurla keçib.

Proseslərə hazırlıq və standartların tətbiq edilməsinə Agentliyin müxtəlif struktur bölmələrinin işçi heyəti cəlb edilib. Standartlar Agentlikdə İnteqrəedilmiş Menecment Sistemi olaraq tətbiq olunub. Qeyd edilən istiqamətlər üzrə keçirilən audit zamanı Agentliyin fəaliyyətində heç bir uyğunsuzluq aşkarlanmayıb və bu səbəbdən beynəlxalq sertifikatlara layiq görülüb. 

"GCL International" idarəetmə sistemləri üzrə audit və sertifikatlaşdırma sahəsində ixtisaslaşmış beynəlxalq qurumdur və təqdim etdiyi sertifikatlar Böyük Britaniyanın rəsmi akkreditasiya orqanı olan "UKAS" tərəfindən təsdiq olunur.

ISO sertifikatları 2028-ci ilin sonunadək etibarlı hesab edilir. Bu standartların tətbiqi DOST Agentliyi və “DOST” mərkəzlərinin işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verəcək.

Qeyd edək ki, DOST Agentliyi 2022-ci ildə LRQA sertifikatlaşdırma təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.