20 Yanvar 1990-cı il Azərbaycan tarixində faciəvi, eyni zamanda milli azadlıq iradəsinin sarsılmazlığını nümayiş etdirən gün kimi yadda qalmışdır. Həmin gecə Sovet İttifaqı rəhbərliyinin qərarı ilə Bakıya və respublikanın bəzi bölgələrinə yeridilən qoşunlar dinc əhaliyə qarşı ağır hərbi əməliyyat həyata keçirmiş, çoxsaylı insan tələfatına və dərin ictimai-siyasi sarsıntıya səbəb olmuşdur. Doğma yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
1980-ci illərin sonlarında SSRİ-də gedən siyasi islahatlar, mərkəzdənqaçma meyllərinin güclənməsi və milli azadlıq hərəkatlarının yüksəlişi Azərbaycanda da geniş ictimai fəallıq yaratmışdı. Qarabağ münaqişəsinin alovlanması, erməni separatizminə qarşı etirazlar, həmçinin respublikanın suverenliyi ilə bağlı tələblər Bakıda kütləvi mitinqlərlə müşayiət olunurdu. Moskva rəhbərliyi bu prosesləri nəzarət altına almaq üçün güc tətbiqinə üstünlük verdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən Sovet ordusunun hissələri Bakıya daxil oldu. Tanklar, zirehli texnika və silahlı hərbçilər şəhərin müxtəlif istiqamətlərindən irəliləyərək barrikadaları dağıtdı, dinc insanlara atəş açdı. Rəsmi məlumatlara görə, 130-dan çox şəxs həlak oldu, yüzlərlə insan yaralandı; qeyri-rəsmi mənbələr isə itkilərin daha çox olduğunu bildirir. Həlak olanlar arasında qadınlar, uşaqlar və yaşlılar da var idi.
20 Yanvar hadisələri insan hüquqlarının, xüsusilə yaşamaq hüququnun kobud şəkildə pozulması idi. Bu əməliyyat Sovet dövlətinin öz vətəndaşlarına qarşı zorakılığının bariz nümunəsi kimi qiymətləndirilir. Hadisələr Azərbaycan cəmiyyətində dərin kədər doğurmaqla yanaşı, milli birliyi və müstəqillik əzmini daha da gücləndirdi.20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Xalq həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətnliyini nümayiş etdirməyi bacarmışdır. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malikdir Qara Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsində dönüş nöqtəsi oldu. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına aparan yol məhz bu faciədən sonra daha qətiyyətlə seçildi. 20 Yanvar şəhidlərinin xatirəsi uca tutulur, hər il Şəhidlər xiyabanında anım mərasimləri keçirilir.
20 Yanvar Bakı əməliyyatı təkcə faciə deyil, həm də Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda mübarizəsinin simvoludur. Bu gün tarixə nəzər salarkən, həmin gecənin dərslərini unutmamaq, şəhidlərin xatirəsini yaşatmaq və müstəqilliyin dəyərini qorumaq hər bir vətəndaşın mənəvi borcudur.
Sevda Məlikməmmədova,
48 saylı məktəbin müəllimi