16 yanvar 2026 17:16
182

ASCO-nun yeni sədri kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov ASCO-nun sədri təyin edilib.

“İki sahil” ASCO-nun yeni sədrinin dosyesini təqdim edir:

Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

2002 – 2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb. 

2005 – 2013-cü illərdə “AGBank” ASC-nin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə baş direktor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016 – 2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.

2021 – 2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. Hazırda isə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.

2013-cü ildə Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən Beynəlxalq Maliyyə Hesabatı üzrə diplomla təltif olunub.

Əfqan Cəlilov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.