19 yanvar 2026 00:26
248

Qanlı Yanvar faciəsi

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 36 il keçir. Bu faciə xalqımıza qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayətlərdən biridir.

20 Yanvar və Azərbaycan tarixində daha əvvəl baş vermiş digər faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə Qarabağda baş qaldıran separatizm, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha dünyaya nümayiş etdirdi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakıya soxulması xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olunurdu. Bu vəhşiliyin miqyasını görmək üçün təkcə bir fakta baxmaq kifayətdir. Belə ki, fövqəladə vəziyyətin tətbiqi elan olunanadək 82 dinc insan amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı.

Sovet ordusunun hərbi müdaxiləsindən sonra Azərbaycan informasiya blokadasına alınmışdı. Televiziya və radiolar işləmirdi, qəzetlər çıxmırdı. Bu informasiya blokadasını o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev yardı. Faciənin səhəri günü - yanvarın 21-də Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. Azərbaycanda baş vermiş hadisələrin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirərək bu qanlı cinayətə qarşı etiraz səsini ucaltdı. Ulu Öndərimizin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törətdiyi dövlət terrorundan xəbər tutdu.

Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. 

20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.

20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə  "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Prezident  İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.

Aytən Əlizadə,
M. Əsədov adına 29 N-li tam orta məktəbin müəllimi