1990-cı ilin 20 yanvar gecəsi Azərbaycan xalqının tarixində ən faciəli, eyni zamanda ən şərəfli səhifələrdən biri kimi yadda qalmışdır. Həmin gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə Sovet ordusu Bakı şəhərinə və ətraf ərazilərə yeridilmiş, dinc əhaliyə qarşı ağır hərbi texnikadan və silahlardan istifadə edilmişdir. Rəsmi məlumatlara əsasən, yüzdən artıq insan şəhid olmuş, yüzlərlə insan yaralanmış, çox sayda yaşayış evləri və nəqliyyat vasitələri dağıdılmışdır. Bu hadisə Azərbaycan xalqının azadlıq istəyini zor gücünə boğmaq məqsədi daşıyırdı, lakin əksinə, xalqın müstəqillik əzmini daha da gücləndirdi.
Faciənin ən ağır tərəflərindən biri də ondan ibarət idi ki, fövqəladə vəziyyət əhaliyə əvvəlcədən bildirilməmişdir. Kütləvi qırğın baş verdikdən sonra, yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da Bakı şəhərinin komendantı V. Dubinyak radio vasitəsilə fövqəladə vəziyyətin tətbiq edildiyini elan etmişdir. İnsanlar təhlükə barədə xəbərsiz olduqları üçün küçələrdə, evlərində, nəqliyyatda yaxalanmış və bu, itkilərin sayının artmasına səbəb olmuşdur. Bu fakt hadisənin hüquqi normalara zidd şəkildə həyata keçirildiyini açıq şəkildə göstərir.
20 Yanvar hadisələrindən bir gün sonra Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuat konfransı keçirərək SSRİ rəhbərliyinin qərarını kəskin şəkildə pisləmişdir. O, Bakıya qoşun yeridilməsinin əsassız olduğunu, Azərbaycanda kifayət qədər hərbi hissələrin mövcud olduğunu və əlavə ordu yeridilməsinə ehtiyac olmadığını bildirmişdir. Heydər Əliyev həmçinin həmin qərara razılıq verən Azərbaycan rəhbərliyinin də xalq qarşısında məsuliyyət daşımalı olduğunu açıq şəkildə ifadə etmişdir. Bu çıxış o dövrdə böyük siyasi cəsarət nümunəsi idi və Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində rəsmən tanınmış və əbədiləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanlarına əsasən şəhidlərə “20 Yanvar şəhidi” fəxri adı verilmiş, onların ailələri üçün sosial təminatlar müəyyən edilmişdir. Şəhidlər Xiyabanı milli ziyarətgaha çevrilmiş və hər il yanvarın 20-də ölkə üzrə ümumxalq anım mərasimləri keçirilir.
Hazırda da şəhid ailələrinin sosial müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin imzaladığı çoxsaylı sərəncamlar əsasında şəhid ailələri və müharibə iştirakçıları üçün mənzil təminatı, sosial müavinətlər, tibbi xidmət və digər güzəştlər həyata keçirilir. Bu yanaşma göstərir ki, dövlət Vətən uğrunda canını fəda etmiş insanların ailələrini daim diqqətdə saxlayır və onların problemlərinin həllini prioritet məsələ hesab edir.
20 Yanvar faciəsi təkcə ölkə daxilində deyil, dünya azərbaycanlıları arasında da böyük təsir yaratmışdır. Bu hadisədən sonra xaricdə yaşayan soydaşlarımız milli məsələlər ətrafında daha sıx birləşmiş, müxtəlif ictimai təşkilatlar yaradılmış və Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəal iş aparılmışdır. Sonrakı illərdə keçirilən Dünya Azərbaycanlılarının Qurultayları da məhz bu milli birliyin möhkəmləndirilməsinə xidmət etmişdir.
Rüxsarə Gülməmmədova,
General M.Əsədov adına 29 nömrəli məktəbin müəllimi