19 yanvar 2026 01:36
90

“20 Yanvar şəhidi” fəxri adı - Tarixi yaddaşın təsdiqi

Tarix bəzən kitab səhifələrində yazılmır. Tarix bəzən gecənin qaranlığında, güllə səslərinin arasından süzülərək insanların yaddaşına həkk olunur. Tarix bəzən insanın sinəsinə çökən qorxu ilə, gözünə dolan yaşla, boğazında düyünlənən fəryadla yazılır.
Tarixin elə günləri var ki, onlar təqvim vərəqlərindən silinmir, əksinə, hər il yenidən doğulur. Azərbaycan xalqı üçün belə günlərin ən ağrılısı və ən qürurlusu 20 Yanvar günüdür. 1990-cı ilin qanlı yanvar gecəsi təkcə faciə deyil - həm də milli oyanışın, azadlıq mübarizəsinin dönüş nöqtəsi idi. O gün təkcə faciə deyildi – həm də milli iradənin, sınmayan qürurun nümayişi idi. Bugünün qəhrəmanları isə xalqın yaddaşında əbədi yaşayan 20 Yanvar şəhidləridir.
Yanvarın 19-dan 20-nə keçən gecə Bakı sanki qəribə bir sükuta bürünmüşdü. Amma bu sükut fırtına öncəsi sakitlik idi. Bu sükutu isə tankların səsi pozdu. Qəddar sovet imperiyası Azərbaycan xalqının azadlıq səsini tankların səsi ilə boğmağa çalışdı.

Lakin imperiya nə qədər qəddar olsa da, Azərbaycan xalqının iradəsini qıra bilmədi. Xalq uzun illərin əsarətindən qurtulmaq, öz taleyinin sahibi olmaq istəyirdi. Meydanlarda səslənən şüarlar bir millətin azadlıq hayqırtısı idi. Hər kəs inanırdı ki, artıq geri dönüş yoxdur. Tankların qarşısına əliyalın çıxan insanlar öz cəsarəti ilə bütün dünyaya sübut etdilər ki, bu millət artıq azad yaşamaq istəyir. 20 Yanvar qətliamı xalqımızı qorxutmadı, əksinə, daha da birləşdirdi.

Gecə yarısı Bakıya yeridilən sovet qoşunları xalqın üzərinə tanklarla, zirehli texnikalarla hücum çəkdi. Bakıya və ölkənin müxtəlif bölgələrinə yeridilən hərbi hissələr dinc əhaliyə qarşı amansız qırğın törətdi. O gecə şəhər qan gölünə döndü. Günahsız insanlar – qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirildi. Küçələrdə azadlıq eşqi ilə döyünən ürəklər susduruldu. Rəsmi məlumatlara əsasən, həmin gecə 147 nəfər şəhid oldu, 700-dən artıq insan yaralandı, yüzlərlə vətəndaş qanunsuz olaraq həbs edildi.

Bu rəqəmlər sadəcə statistika deyil. Hər biri yarımçıq qalmış taledir, sönmüş ocaqdır, yetim qalmış uşaqlıqdır. O gecə küçələrdə axıdılan qan Azərbaycan xalqının azadlıq arzusunun qiymətinə çevrildi. Lakin imperiyanın gücü xalqın iradəsini sındıra bilmədi. Əksinə, 20 Yanvar hadisələri milli müstəqilliyə gedən yolun başlanğıcını qoydu.

Faciə yüzlərlə insanın həyatına son qoydu. Amma o şəhidlər təkcə ailələrinin deyil, bütün Azərbaycanın övladları oldular. Məhz buna görə dövlətimiz onların xatirəsini əbədiləşdirərək “20 Yanvar şəhidi” fəxri adını təsis etdi. Bu ad sadəcə rəsmi titul deyil – milli qürur nişanəsidir, azadlığımızın müqəddəs möhürüdür.

Faciədən dərhal sonra Azərbaycan xalqı öz qəhrəmanlarını tək qoymadı. Şəhidlərin xatirəsini əbədiləşdirmək, onların ailələrinə dövlət qayğısını təmin etmək məqsədilə müstəqil Azərbaycan Respublikasında xüsusi qərarlar qəbul edildi. “20 Yanvar şəhidi” fəxri adı məhz bu məqsədlə təsis olundu. Bu ad sadəcə rəsmi status deyil. O, xalqın qədirbilənliyinin, dövlətin öz övladlarına sədaqətinin ifadəsidir. “20 Yanvar şəhidi” adı daşıyan hər bir insan əslində Azərbaycanın azadlığı naminə canından keçmiş milli qəhrəmanlıq rəmzidir. Bu adın verilməsi ilə dövlətimiz təsdiq etdi ki, şəhidlər unudulmur, onların fədakarlığı əbədi dəyər kimi qorunur. Həmin fəxri adın mahiyyətində üç böyük məna birləşir:

• Tarixi ədalətin bərpası,

• Milli qəhrəmanlığın rəsmiləşdirilməsi,                                                                                                    • Gələcək nəsillərə ötürülən mənəvi miras.

  Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin ailələrini daim diqqət mərkəzində saxlayır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirildi. Şəhid ailələrinə təqaüdlər verildi, sosial müavinətlər təyin olundu, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritetlərindən birinə çevrildi. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasət uğurla davam etdirilir.       “20 Yanvar şəhidi” fəxri adına layiq görülmüş şəxslərin ailələri dövlət tərəfindən xüsusi imtiyazlarla təmin olunur, müalicə, təhsil və sosial müdafiə sahəsində onlara geniş dəstək göstərilir. Bu qayğı göstərir ki, Azərbaycan dövləti şəhidini yalnız tarixdə deyil, real həyatda da yaşadır, qoruyur və dəyərləndirir. Əbədiləşdirilən xatirə - Şəhidlər xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs and yeridir. Burada uyuyan 20 Yanvar şəhidləri xalqın azadlıq salnaməsinin canlı rəmzləridir. Hər il minlərlə insan yanvar günlərində buraya axışır, qərənfillər düzür, baş əyir. Bu, təkcə matəm deyil, həm də qürur ziyarətidir.

Respublikamızın müxtəlif şəhər və rayonlarında 20 Yanvar şəhidlərinin adını daşıyan məktəblər, küçələr, parklar, xatirə kompleksləri yaradılıb. Dərsliklərdə, ədəbiyyatlarda, filmlərdə bu faciə geniş şəkildə işıqlandırılır. Bütün bunlar “20 Yanvar şəhidi” adının əbədiyyətə köçürülməsinin bariz nümunəsidir.

 Mən də o günlərin canlı şahidlərindən biriyəm. Uşaqlıq xatirələrimdə 20 Yanvar qorxu dolu səslərlə, təşviş içində qalan insanların baxışları ilə yaşayır. Gecə yarısı eşidilən atəş səsləri, küçələrdəki hərbi texnika, insanların çarəsiz harayı – bunlar mənim yaddaşımdan heç vaxt silinmədi.

O zaman dərk edə bilmirdim ki, şahidi olduğum hadisə gələcək azadlığımızın başlanğıcıdır. İllər keçdikcə anladım: biz bir faciəni deyil, eyni zamanda bir qəhrəmanlıq dastanını yaşamışıq. “20 Yanvar şəhidi” fəxri adı da məhz həmin dastanın rəsmi möhürüdür.

 20 Yanvar Azərbaycan xalqının iradəsini sındırmaq məqsədi daşısa da, əks nəticə verdi. O qanlı gecə sübut etdi ki, bu xalq azadlıq eşqindən heç vaxt vaz keçməyəcək. Şəhidlərin qanı yerdə qalmadı – iki ildən sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Bu gün müstəqil Azərbaycanın hər uğurunda, hər nailiyyətində 20 Yanvar şəhidlərinin payı var. Onların adı tariximizə qızıl hərflərlə yazılıb. “20 Yanvar şəhidi” fəxri adı isə bu tarixi yaddaşın rəsmi təsdiqidir.

20 Yanvar – xalqımızın həm yarası, həm qürurudur. “20 Yanvar şəhidi” fəxri adı isə bu qürurun ən uca zirvəsidir. Bu ad bizə daim xatırladır ki, azadlıq ucuz qazanılmayıb, müstəqillik asan əldə edilməyib. Tarixin canlı şahidi olaraq əminliklə deyə bilərəm: o gecə həlak olanların ruhu bu gün azad Azərbaycan səmasında dolaşır. Onlar əbədiyaşar qəhrəmanlardır. Biz isə hər zaman bu müqəddəs adı ehtiramla daşımalı və gələcək nəsillərə ötürməliyik. Çünki 20 Yanvar şəhidləri – azadlığımızın əbədi keşikçiləridir.

Cəfərova Cəmalə,
Xətai rayonu 165 nömrəlitam orta  məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi