20 Yanvar 1990-cı il Azərbaycan tarixində yalnız qanlı bir faciə kimi deyil, həm də milli azadlıq mübarizəsinin qəhrəmanlıq salnaməsi kimi yer almışdır. Bu hadisələrə uzun müddət rəsmi-siyasi qiymət verilməsə də, xalqın haqq səsini ilk dəfə açıq və qəti şəkildə dünyaya çatdıran dahi şəxsiyyət Heydər Əliyev olmuşdur. Onun prinsipial mövqeyi 20 Yanvar faciəsinin siyasi-hüquqi mahiyyətinin üzə çıxarılmasında həlledici rol oynamışdır.
20 Yanvar hadisələrindən sonra Sovet rəhbərliyi baş verənləri gizlətməyə, qoşun yeridilməsini “zəruri tədbir” kimi təqdim etməyə çalışırdı. Azərbaycan SSR rəhbərliyi isə ya susur, ya da mərkəzin mövqeyini müdafiə edirdi. Belə bir ağır və qorxulu şəraitdə hadisələrə açıq etiraz etmək, onu cinayət kimi qiymətləndirmək böyük cəsarət tələb edirdi.
1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək mətbuat qarşısında kəskin bəyanatla çıxış etdi. O, Sovet ordusunun Bakıya yeridilməsini Azərbaycan xalqına qarşı yönəlmiş ağır cinayət, konstitusiyaya və insan hüquqlarına zidd bir akt kimi qiymətləndirdi. Heydər Əliyev açıq şəkildə SSRİ rəhbərliyini, xüsusilə Mixail Qorbaçovu məsuliyyət daşımaqda ittiham etdi. Bu bəyanat 20 Yanvar hadisələrinə verilən ilk siyasi və hüquqi qiymət idi.
Ulu Öndər Heydər Əliyevin çıxışı bir neçə baxımdan tarixi əhəmiyyət daşıyırdı. İlk növbədə, o, Azərbaycan xalqının mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı. İkincisi, Sovet totalitar sisteminə qarşı açıq etiraz nümunəsi göstərdi. Üçüncüsü isə 20 Yanvar faciəsinin sadəcə “ictimai asayiş tədbiri” deyil, planlı hərbi təcavüz və dövlət cinayəti olduğunu hüquqi müstəviyə çıxardı.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Bu qərarla 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi tanındı.
20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymətin Heydər Əliyev tərəfindən verilməsi onun xalqına, dövlətinə və ədalətə sədaqətinin parlaq nümunəsidir. Bu cəsarətli mövqe həm milli azadlıq mübarizəsinin ideoloji əsasını möhkəmləndirdi, həm də gələcək müstəqil Azərbaycan dövlətinin hüquqi-siyasi düşüncə tərzini formalaşdırdı. Heydər Əliyevin bu tarixi addımı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Aygün Xudayev,
48 saylı məktəbin müəllimi