18 yanvar 2026 13:05
257

“Azəriqaz” rəhbərliyi Naxçıvanda əməkdaşları mükafatlandırdı

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov və baş direktorun birinci müavini (Əməliyyat üzrə) Nail Abdullayev Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində əmək fəaliyyətində fərqlənən əməkdaşlarla görüş keçiriblər.

“İki sahil” xəbər verir ki, Birlik rəhbərliyi hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb, Naxçıvan Muxtar Respublikasında qaz təsərrüfatının dayanıqlı və təhlükəsiz fəaliyyətinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Əməkdaşların məsuliyyətli və peşəkar fəaliyyətinin göstərilən xidmətlərin keyfiyyətinə birbaşa təsir etdiyini qeyd edən rəhbərlik kollektivin əməyini yüksək qiymətləndirib.

Daha sonra 10 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

Görüşdən sonra rəhbərlik inzibati binaya baxış keçirərək əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə yaxından tanış olub. Texniki təminat, iş otaqları və ümumi infrastruktur nəzərdən keçirilib.