20 Yanvar hadisələri təkcə qan və göz yaşı ilə müşayiət olunan faciəli bir gün deyil, eyni zamanda, xalqımızın mübarizlik ruhunun, əyilməz iradəsinin və milli həmrəyliyinin bariz nümunəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin, birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun göstərişi ilə fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun çoxsaylı hərbi hissələri Bakıya və Azərbaycanın bir sıra bölgələrinə yeridildi. Dinc əhaliyə qarşı həyata keçirilən bu qanlı əməliyyat nəticəsində onlarla günahsız insan amansızcasına qətlə yetirildi, yüzlərlə sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı, yüzlərlə insan isə qanunsuz şəkildə həbs olunaraq təzyiqlərə məruz qaldı. Rəsmi statistikaya əsasən, həmin gecə və sonrakı günlərdə 146 nəfər həlak olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq azadlıqdan məhrum edilib.
Sovet qoşunlarının həyata keçirdiyi hərbi təcavüz nəticəsində paytaxt Bakıda və ölkənin müxtəlif bölgələrində dinc əhaliyə məxsus yüzlərlə yaşayış evi, inzibati bina və avtomobil, o cümlədən insan həyatını xilas etmək məqsədi daşıyan təcili tibbi yardım maşınları dağıdıldı və yararsız hala salındı. Bu qanlı əməliyyat zamanı dövlətə və vətəndaşlara məxsus əmlaka böyük maddi ziyan vuruldu. Faciənin ən dəhşətli tərəfi isə ondan ibarət idi ki, qətlə yetirilənlər arasında qadınlar, uşaqlar, ahıllar, eləcə də yaralılara kömək göstərmək üçün hadisə yerinə tələsən tibb işçiləri də var idi. Dinc və silahsız insanlara qarşı törədilən bu qəddar və amansız zorakılıq aktı sovet totalitar rejiminin əsl mahiyyətini bir daha ifşa edərək, onun insan hüquqlarına və bəşəri dəyərlərə tamamilə zidd siyasət apardığını bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar faciəsi miqyasına və nəticələrinə görə insanlıq əleyhinə törədilmiş ağır cinayətlərdən biri kimi tarixə həkk olundu.
20 Yanvar hadisələrindən sonra Azərbaycan cəmiyyəti daha bir ağrılı reallıqla üz-üzə qaldı. Xalqın haqq səsinə və ədalət tələbinə baxmayaraq, faciəyə siyasi-hüquqi qiymət verilməsi məsələsi uzun müddət gündəmdən kənarda saxlanıldı. Hadisələr zamanı xalqın yanında olduqlarını iddia edən, lakin sonradan hakimiyyətə gəldikdən sonra bu məsuliyyəti üzərindən atan bəzi siyasi qüvvələrin əsl mövqeyi və niyyətləri aydın şəkildə üzə çıxdı. 1993-cü ilə qədər ölkəyə rəhbərlik edən siyasi rəhbərliklər 20 Yanvar faciəsinin səbəblərini və təşkilatçılarını obyektiv şəkildə araşdırmaq, bu qanlı hadisəyə cəsarətli və prinsipial siyasi-hüquqi qiymət vermək iradəsi nümayiş etdirmədilər. Nəticədə xalqın ədalət gözləntisi uzun illər cavabsız qaldı.
Məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü nəticəsində 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 20 Yanvar faciəsinə ilk dəfə rəsmi və prinsipial siyasi qiymət verən tarixi qərar qəbul olundu. Bu qərar Azərbaycan xalqının üzləşdiyi qanlı faciənin mahiyyətinin açıqlanması, həqiqətlərin üzə çıxarılması və ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyırdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar hadisələrinə münasibətdə dövlət səviyyəsində ardıcıl və prinsipial mövqe formalaşdırıldı. Nəticə etibarilə, 1994-cü il martın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən qərarla 1990-cı il yanvarın 20-də baş vermiş faciəli hadisələrə tam və hərtərəfli siyasi-hüquqi qiymət verildi, bu qanlı əməliyyatın məsuliyyətinin sovet rejiminin üzərində olduğu rəsmi şəkildə bəyan edildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz 20 Yanvar şəhidlərinin ailələrinin, eləcə də ümumilikdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və sosial siyasət kursunu uğurla davam etdirərək, şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə göstərilən dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər, sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi və müxtəlif dəstək proqramları dövlətin şəhidlərimizin xatirəsinə olan ehtiramının bariz nümunəsidir.
Azərbaycan xalqı müstəqillik, azadlıq və milli suverenlik uğrunda canlarını fəda etmiş qəhrəman övladlarını heç vaxt unutmur və unutmayacaq. Hər il 20 Yanvar faciəsinin ildönümündə şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilir, onların əziz xatirəsi qarşısında baş əyilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dövləti bu mübariz oğul və qızlarının qəhrəmanlığını daim yüksək qiymətləndirir, onların xatirəsini hər zaman uca tutur. Bu gün şəhidlərimizin ruhu şaddır, çünki onların canları bahasına əldə edilən müstəqil Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionda güclü və qalib dövlətə çevrilib.
Səbinə Salmanova,
Milli Məclisin deputatı