19 yanvar 2026 18:25
170

Azərbaycan xalqının azadlıq iradəsinə qarşı törədilmiş cinayət - Qanlı Yanvar

1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycan tarixinin ən faciəli və eyni zamanda ən şərəfli səhifələrindən biri kimi yadda qaldı. Sovet imperiyasının süqut ərəfəsində Bakıya yeridilən hərbi hissələr dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Tanklar, zirehli texnika və ağır silahlarla silahlanmış qoşunlar qadın, uşaq, yaşlı demədən günahsız insanları qətlə yetirdi. Bu qanlı hadisə Azərbaycan xalqının azadlıq, müstəqillik və milli ləyaqət uğrunda apardığı mübarizənin zirvə nöqtələrindən biri oldu.

Qanlı Yanvar faciəsi təsadüfi bir hərbi əməliyyat deyil, mərkəzi sovet hakimiyyətinin Azərbaycan xalqının artan milli oyanışını boğmaq məqsədi daşıyan planlı siyasətinin nəticəsi idi. 1990-cı ilin yanvarında Bakıda və respublikanın bəzi bölgələrində yüzlərlə insan şəhid oldu, minlərlə insan yaralandı. Şəhərə fövqəladə vəziyyət elan olunmadan qoşun yeridilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması idi.

Bu faciə eyni zamanda xalqın qorxuya yox, iradəyə söykəndiyini nümayiş etdirdi. Şəhidlərin dəfni zamanı yüz minlərlə insanın küçələrə axışması, milli həmrəyliyin və birliyin bariz nümunəsinə çevrildi. Qanlı Yanvar göstərdi ki, zorakılıq Azərbaycan xalqının azadlıq istəyini sındıra bilməz.

Ulu Öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada verdiyi bəyanat Qanlı Yanvara ilk siyasi-hüquqi qiymət oldu. Sonradan müstəqil Azərbaycan dövləti bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verdi, şəhidlərin xatirəsi əbədiləşdirildi.

Bu gün Qanlı Yanvar şəhidləri Azərbaycan xalqının azadlıq salnaməsində müqəddəs yer tutur. Onların qanı bahasına qazanılan müstəqillik bu gün güclü, suveren və qalib Azərbaycanın təməl sütunlarından biridir. 20 Yanvar təkcə matəm günü deyil, həm də milli qürur, mübarizə və yenilməz ruh günüdür.

Rauf Nəcəfov,
YAP Sədərək rayon təşkilatının məsləhətçisi