Aşağı xarici borc, yüksək valyuta ehtiyatları, kredit reytinqlərinin yüksəlməsi, nəqliyyat layihələri və Qarabağın bərpası Azərbaycanın Cənubi Qafqazda əsas iqtisadi lider mövqeyini daha da möhkəmləndirir
Azərbaycanın maliyyə vəziyyəti son illərdə sabit və dayanıqlı olaraq qiymətləndirilir. Ölkənin xarici borcu aşağı səviyyədədir və ümumi daxili məhsulun (ÜDM) təqribən 6 faizindən bir qədər artıq təşkil edir. Bu, Azərbaycanı maliyyə baxımından təhlükəsiz və investorlar üçün cəlbedici ölkəyə çevirir, eyni zamanda dövlətin iqtisadi siyasətini uzunmüddətli planlaşdırmağa imkan yaradır.
Prezident İlham Əliyev dəfələrlə ölkənin maliyyə göstəricilərinin güclü olduğunu, borcun idarəolunan səviyyədə saxlanıldığını və iqtisadi inkişafın dayanıqlı əsaslara söykəndiyini qeyd edib. Bu siyasət nəticəsində Azərbaycan xarici iqtisadi şoklardan minimum təsirlənir və daxili bazar stabilliyini qoruyur. Xarici borcun aşağı səviyyədə olması həm də Azərbaycanın gələcək investisiya layihələrini maliyyələşdirmək imkanlarını artırır. Ölkə iqtisadiyyatı borcun yükü olmadan strateji layihələrə fokuslana bilir və həmçinin regional maliyyə sabitliyinə müsbət təsir göstərir. Bu göstəricini Azərbaycan üçün uzunmüddətli dayanıqlı inkişafın əsas təməl daşı hesab etmək olar. Ötən ilin makroiqtisadi sabitlik göstəricilərinə nəzər salaq: xarici borc azalıb, valyuta ehtiyatları artıb, kredit reytinqləri investisiya səviyyəsinə yüksəlib. Belə ki, xarici dövlət borcu 4,9 mlrd ABŞ dollarına (ÜDM-in 6,4 faizin) enib, valyuta ehtiyatları 83,6 mlrd ABŞ dollarına çataraq borcu 17 dəfə üstələyib. Qeyri-neft-qaz ÜDM-i 3,2 faiz, ixracı 7,3 faiz artıb, orta aylıq əməkhaqqı 9,4 faiz yüksəlib. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini investisiya dərəcəsinə qaldırıb. Əlavə investisiyalarının cəlb olunması ilə bu rəqəmlərin 2026-cı ildə daha da artacağı gözlənilir. Kənd təsərrüfatı ÜDM-də 6,7 faizlik stabil payını saxlayır, lakin işğaldan azad edilmiş 100 min hektardan çox əkin sahəsinin dövriyyəyə girməsi ilə aqrar ixracın 1 milyard dollar həddini ötməsi artıq real statistikadır.
Bu sabitliyin fonunda iqtisadiyyatın spesifik sahələrinin, xüsusilə rəqəmsal iqtisadiyyatın sıçrayışlı inkişafı üçün yeni imkanlar açılır. Sülhün bərqərar olması Azərbaycanı "Rəqəmsal İpək Yolu"nun mərkəzi qovşağına çevirilmək potensialını artırır. Bu beynəlxalq texnologiya nəhəngləri üçün Bakını böyük məlumat mərkəzlərinin (Data Center) və regional bulud infrastrukturunun qurulması üçün ideal məkana çevirir. Geosiyasi risklərin azalması Qərb texnoloji şirkətlərinin ölkəmizə gəlişini sürətləndirərək, rəqəmsal ekosistemi yeni bir səviyyəyə qaldıracaq. Eyni zamanda, aqrar sektorda müşahidə olunacaq dinamika ölkənin ixrac potensialını böyüdəcək. İşğaldan azad edilmiş ərazilərin münbit torpaqlarının və su resurslarının tam dövriyyəyə daxil olması, həmçinin regional nəqliyyat yollarının açılması həm də Yaxın Şərq və Avropa istiqamətində yeni logistik dəhlizləri əlçatan edəcək.
Hökumətin və beynəlxalq maliyyə institutlarının proqnozları gələcəyə nikbin baxmağa əsas verir. Real ÜDM artımının ortamüddətli perspektivdə, yəni 2026-2028-ci illərdə 3-3,5 faiz səviyyəsində olacağı, qeyri-neft sektorunun iqtisadiyyatda payının isə 71 faizə çatacağı gözlənilir. Strateji valyuta ehtiyatlarının 83 milyard dollardan artıq olması, dövlət borcunun aşağı səviyyədə qalması və büdcə siyasətinin balanslı aparılması Azərbaycanın makro-fiskal dayanıqlılığını möhkəmləndirən əsas amillərdəndir. 2025-2028-ci illəri əhatə edən iqtisadi və sosial inkişaf yanaşması göstərir ki, qarşıdakı dövrdə əsas prioritetlər qeyri-neft iqtisadiyyatının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun reinteqrasiyası həm də yaşıl enerji və logistika imkanlarının genişləndirilməsidir. Sosialyönlü büdcə siyasəti və irimiqyaslı bərpa-quruculuq layihələri isə iqtisadi aktivliyi dəstəkləyən mühüm amillər olaraq qalır.
İqtisadi transformasiyanın sosial ölçüləri də diqqət mərkəzində saxlanılır. Dayanıqlı inkişafın təmin edilməsi üçün iqtisadi artımın sosial rifahda real artımla müşayiət olunması, məşğulluğun keyfiyyətinin yüksəldilməsi və regional inkişaf fərqlərinin azaldılması xüsusi önəm kəsb edir. Bu baxımdan sosialyönlü fiskal siyasətin və məqsədyönlü Dövlət proqramlarının davam etdirilməsi iqtisadi islahatların cəmiyyət tərəfindən qəbulunu və uzunmüddətli effektivliyini gücləndirən əsas amillərdən biridir. Əhalinin rifahının artırılması yalnız xərclərin artırılması ilə deyil, həm də sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə təmin olunur. Bu məqsədlə ardıcıl islahatlar həyata keçirilir və büdcə həmin islahatların maliyyə dayanıqlığını təmin edir. Səhiyyə və təhsil infrastrukturunun yenilənməsi, sosial xidmətlərin elektronlaşdırılması və idarəetmədə şəffaflığın artırılması vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə birbaşa təsir göstərir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün cari ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisi ilə müqayisədə isə 722 milyon manat çoxdur.
Qeyd edək ki, cari ildə ölkədə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır, xam neftin büdcə qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib, manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Növbəti ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 2,4 faiz azalacağı, qeyri-neft-qaz ÜDM-in 5,0 faiz artacağı proqnozaşdırılır. 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 43 faizi və ya 16,4 milyard manatı neft-qaz sektorunun, 57 faizi və ya 22,2 milyard manatı qeyri neft-qaz sektorunun payına düşür.
Sevinc Azadi, “İki sahil”
Milli ləyaqətin, azadlıq iradəsinin və qəhrəmanlığın tarixi simvolu - 20 Yanvar