19 yanvar 2026 19:43
126

Otuz altı yaşlı müsibətimiz...

1987-ci ildə başladılmış Ermənistan-Azərbaycan münaqişəsi fonunda sovet imperiyasının rəhbərləri ölkəmizə qarşı birtərəfli və qərəzli mövqe tutaraq əzmimizi qırmaq üçün 1990-cı ilin yanvarında  Bakıya ordu yeritdilər. Günahsız və silahsız insanların qanı töküldü, müsibət yaşadıq. 131 nəfər öldürüldü, min nəfərə qədər insan yaralandı. O dövrdə Azərbaycana başçılq edən qorxaq dövlət başçıları SSRİ prezidenti Mixail Qorbaçova qarşı nəinki çıxdılar, əksinə, əmrlərini buyuruq qulu kimi yerinə yetirdilər. 1990-cı ilin 20 Yanvar cinayəti Azərbaycan xalqının qürurunu, iradəsini və bütövlüyünü sındıra bilmədi.

O zaman Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri olan Elmira Qafarova, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədov sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz üzərlərinə düşən məsuliyyətin öhdəsindən gəlmədilər. Azərbaycan SSR kommunist rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində törədilmiş ağır cinayət dinc və azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə, onu özünə qarşı daha da qəzəbləndirdi.  Mərkəzi Komitənin birinci katibi Əbdürrəhman Vəzirov və daha bir neçə rəhbər vəzifəli şəxs xalq iğtişaşlarını yatırmaq üçün SSRİ hökumətindən Bakıya qoşun yeritməyi xahiş etdilər. Xalqın Sovet İttifaqı Kommunist Partiyasına və mövcud rejimə qarşı nifrəti son həddə çatdı, Azərbaycan Kommunist Partiyasının üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etdilər. Xalqın üzüdönük partiyaya, qaniçən orduya inamı sarsıldı, inamın yerini qəzəb və nifrət tutdu.

Nə qədər vaxt keçsə də gələcək nəsillər qanlı 20 Yanvar hadisələrinin təfərrüatlarını bilməlidir və unutmamalıdır. Onlar bilməlidirlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa  Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli atıcı silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib. Sovet ordusunun amansız xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Başkəsən paqonlular rast gəldikləri insanların kimliyinə baxmayaraq hamısını güllələdilər, tankların altında əzdilər. Heç kimə aman verilmədi. Hətta yaralılara kömək göstərməyə gedən təcili yardım maşınları gülləbaran edildi. Tibbi personal öldürüldü və yaralandı. Bir sözlə, dünya hələ belə vandallıq görməmişdi.

20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi, iqtisadi və siyasi cinayətdir. Hadisələr zamanı tanklar və piyadaların döyüş maşınları, iriçaplı pulemyotlar şəhər təsərrüfatına böyük zərər vurdular. 20 Yanvar hadisələri beynəlxalq hüquqi riyakarlığın təzahürüdür. SSRİ Baş Prokurorluğunun məsul əməkdaşı, ədliyyə polkovniki V. Medvedyevin başçılıq etdiyi istintaq qrupu hərbçilərin hərəkətlərində guya cinayət tərkibi olmaması nəticəsinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi barədə qərar verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı. Təbii ki, bu plan imperiyanın qəddar cinayətlərini və maraqlarını ört-basdır etmək məqsədi güdürdü. Ancaq hər şeyi gizlədə bilmədilər.

 Bizim şahidimiz tarix özü oldu. Azərbaycan xalqına müsibət gətirmiş 20 Yanvar faciəsi bütün dünyada əks-səda doğurdu, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb oldu. Bir çox ölkələrin radiostansiyaları da Yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi. Hadisələrdən iki gün əvvəl Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, xalq arasında “bambılı” ləqəbi ilə “məşhur” olan Əbdürrəhman Vəzirov xalqın qəzəbindən qorxaraq Moskvaya qaçdı. Bir həftə sonra təyin edilən kremlin təyin etdiyi Ayaz Mütəllibov da Vəzirovdan fərqlənmədi, hətta belə bir məqamda susmağı daha üstün tutdu. Xalqının şəhidlər verdiyi faciəli günlərdə, Mərkəzi Komitənin birinci katibi Ayaz Mütəllibov bu faciəyə rəsmi bəyanatla münasibətini bildirmədi, xalqın qəzəbindən qorxaraq şəhidlərin dəfn mərasimində iştirak etmədi, SSRİ hökumətini pisləmədi, yas içində olan xalqına başsağlığı belə vermədi. O, özünü bu xalqın düşmənlərindən biri kimi apardı. Ancaq tarix hər kəsin yerini göstərdi. Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, DTK sədri Vaqif Hüseynov qaçıb Rusiyada daldalandılar.  Ölənədək də şərəfsiz yaşadılar, xəcalətdən gəlib xalqın arasında görünməyə cəsarət etmədilər. Onu da qeyd etmək lazımdır ki, məhz bu faciədən sonra Sovet imperiyası dağılmağa başladı.

Xalqımız 20 Yanvar faciəsindən sonra da bütün ağır imtahanlardan alnıaçıq, üzüağ çıxdı. Azərbaycan xalqının birləşmiş düşmənləri xar oldular. 20 Yanvar tariximizdə qürur günü kimi yer aldı.  Qətliam təşkilatçıları və günahkarları isə bədnam ad qazandılar, həmin adla da gorbagor oldular. Allah lənət eləsin!

Vəli İlyasov, “İki sahil”