22 yanvar 2026 23:58
94

Hamıya əziz olan şəhid yadigarı

Doğulub boya-başa çatdığı Astara rayonunun Ərçivan qəsəbəsinin qeyrət, şöhrət rəmzinə çevrilən, Şuşa Fatehi Əli Malik oğlu Feyziyev 44 günlük haqq savaşımızın zəfər şəhididir. Qəhrəmanlıq tariximizə adını yazan Vətən sevdalısı cismən aramızda olmasa da, mənən qəlblərdə yaşayır və hər an böyük məhəbbətlə xatırlanır.

Vətənin azadlığı, öz xalqının xoşbəxt günləri üçün canından keçən Əli Ayxan və Mələk adında iki övladı bizə yadigar qoyub. Hamı üçün örnək olan Əlinin şərəfli ömür yolunu övladları ləyaqətlə davam edəcəyinə söz yoxdur. Çünki onların damarlarında qəhrəman qanı axır, indinin özündə el-obanın saf məhəbbəti ilə Vətənə sevgi ruhunda boy atırlar.

Gözəl, ağıllı qız kimi sevilən Mələyin 7 yaşı tamam oldu. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Nihad Allahverdiyev şəhidin ailəsinə baş çəkib və Mələk balanı təbrik ediblər.

Ona parlaq gələcək arzulamaqla, həm də fidan yaşına uyğun hədiyyələr veriblər. Bütün Azərbaycan atası ilə fəxr etdiyini bildirəndə Mələk də öz növbəsində deyib: - Atam mənim qürur yerimdir. O, ölməyib. Vətənimizin azadlığı uğrunda, bizim xoşbəxt gələcəyimiz naminə şəhid olub. Axı şəhidlərin ömrü əbədidir.

Onu da bildirək ki, Əli Malik oğlu 44 günlük haqq savaşımıza könülü gedib. Füzuli, Cəbrayıl, Şuşanın azadlığı uğrunda gedən ölüm-dirim döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərib. Mərdliyi, cəsarəti, yurda sevgisi döyüşdən-döyüşə ona güc verib. Dığaların kabusuna çevrilən igid Əli 8 noyabrda Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşub. Müharibə meydanında göstərdiyi şücaəti ölümündən sonra Cəbrayılın, Xocavəndin, Şuşanın azadlığına görə, “Vətən uğrunda”, “Cəsarətli döyüşçü” medallarına layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü