22 yanvar 2026 16:31
134

Azərbaycan beynəlxalq hüquqa uyğun düzgün strategiya müəyyənləşdirir

Dünya İqtisadi Forumu statunu qazanan Davos Forumu dünya ölkələrinin etimad göstərdiyi nüfuzlu platformalardan biridir.  Bu gün Davos Forumu qlobal iqtisadi böhranların həlli ilə yanaşı, mürəkkəb siyasi proseslərin tənzimlənməsinə də öz töhfəsini verməkdədir. Dünya İqtisadi Forumunun Davos toplantısı qlobal siyasi və iqtisadi elitanın əsas diskussiya platformalarından biri kimi beynəlxalq gündəmin formalaşmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsində olduqca mühüm məsələlərdən bəhs edib. Dövlətimizin başçısı müsahibəsində beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq amil olması faktını önə çəkdi. Bu xüsusda ölkəmizin strateji məqsədlərinin milli maraqlar əsasında formalaşdığı qeyd edildi. Eyni zamanda Azərbaycanın beynəlxalq hüquqa tam riayət edərək düzgün strategiya müəyyənləşdirdiyi vurğulandı. Dövlət başçısının səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan ziddiyyətləri, beynəlxalq hüququn selektiv tətbiqini və eyni zamanda, humanizmə əsaslanan yeni qlobal düşüncə modelinə olan ehtiyacı açıq şəkildə ortaya qoydu. Cənab Prezident İlham Əliyevin müsahibəsində xüsusi vurğuladığı əsas məqamlardan biri beynəlxalq hüquq normalarının artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq xarakter daşımaması ilə bağlı idi. Dövlət başçısı açıq şəkildə qeyd etdi ki, beynəlxalq hüquq bu gün bir çox hallarda universal norma kimi deyil, böyük güclərin maraqlarına uyğun şəkildə tətbiq edilən siyasi alətə çevrilib. Bu isə beynəlxalq sistemdə ədalət prinsipinin ciddi şəkildə zədələnməsinə səbəb olur

Forumda aparılan müzakirələr və keçirilən panel iclasları bir daha göstərir ki, iqtisadi və siyasi problemlərin həlli, bu gün heç vaxt olmadığı qədər, bir-biri ilə sıx bağlıdır. Xüsusilə indiki mürəkkəb dövrdə müzakirələr aparılmadan və qarşılıqlı etimada söykənən dialoq mühiti qurulmadan əksər problemlərin həlli mümkünsüz görünür. Beynəlxalq hüququn asanlıqla unudulduğu, güc faktorunun dominantlıq təşkil etdiyi müasir dünyada yalnız belə müzakirələr ortaq beynəlxalq rəyin formalaşmasına və hətta ən kəskin qarşıdurmaların çözülməsinə töhfə verə bilər.  

Prezident İlham Əliyevin bu mötəbər platformada “Euronews” televiziyasına verdiyi müsahibə isə təkcə cari proseslərə münasibət deyil, eyni zamanda Azərbaycanın dəyişən dünya nizamında öz yerini necə müəyyən etdiyini göstərən strateji baxış kimi dəyərləndirilir. Ölkəmizin başçısının müsahibəsində əsas xətt qlobal beynəlxalq münasibətlər sisteminin dərin transformasiyaya uğramasıdır. Dövlət başçısının “dünyanın artıq qanunun aliliyi ilə deyil, güc amili ilə idarə olunması” barədə fikirləri mövcud geosiyasi reallığın açıq təsviridir. Azərbaycanın bu mövqeyi təsadüfi deyil. Ölkəmiz uzun illər beynəlxalq hüququn açıq şəkildə pozulmasının qurbanı olmuş, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qalmışdır. Cənab Prezident İlham Əliyevin Davosdan verdiyi mesaj əslində yalnız Azərbaycanın deyil, oxşar taleyi yaşamış bir çox dövlətin səsini ifadə edir. Dövlət başçısı haqlı olaraq vurğuladı ki, əgər beynəlxalq hüquq hamı üçün eyni dərəcədə işləmirsə, bu sistemin legitimliyi və gələcəyi sual altına düşür. Ötən il avqustun 8-də Vaşinqton razılaşmalarının imzalanması və sülh sazişinin paraflanması da ona görə mümkün oldu ki, Azərbaycanın haqlı mövqeyinə, həqiqi və dayanıqlı sülh seçiminə dünyanın bir nömrəli ofisində-Ağ Evdə ilk dəfə olaraq adekvat və ədalətli münasibət göstərildi. Bu kontekstdə Prezidentin mesajı ondan ibarətdir ki, orta və kiçik dövlətlər idealist yanaşmadan daha çox realist strategiyalar üzərində qurulmuş siyasət yürütməlidir. Azərbaycan da məhz bu reallığı nəzərə alaraq öz təhlükəsizliyini, suverenliyini və milli maraqlarını təmin edən praqmatik xətt seçib.

Müsahibənin diqqətçəkən digər mühüm hissəsi cənab Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ilə bağlı fikirləri oldu. Dövlət başçısı bu nüfuzlu mükafatı almağı özünə böyük şərəf hesab etdiyini vurğulayaraq, bunun Azərbaycan dövlətinin multikulturalizm, tolerantlıq və dinlərarası dialoq sahəsində həyata keçirdiyi ardıcıl siyasətə verilən beynəlxalq qiymət olduğunu bildirdi.

Prezident İlham Əliyevin müsahibəsində enerji məsələləri xüsusi yer tutur. Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də enerji təhlükəsizliyinin mühüm aktoruna çevrilib. Avropa üçün alternativ və etibarlı enerji mənbəyi olan Azərbaycan, bu sahədə siyasi etibarlılıq və uzunmüddətli öhdəliklər üzərində qurulmuş model təqdim edir. Eyni zamanda Prezidentin vurğuladığı kimi, enerji sektoru Azərbaycanın yeganə prioriteti deyil. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-enerji sektorunun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması ölkənin uzunmüddətli strategiyasının əsas dayaqlarıdır. Bu mesaj Davos kimi investor yönümlü platformada xüsusilə mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Avropa institutları ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətində yeni mərhələnin konturlarını göstərir. Dövlət başçısı bəzi Avropa strukturlarının qərəzli və birtərəfli mövqelərinə emosional reaksiya verilmədiyini, münasibətlərin artıq daha çox praktik əməkdaşlıq müstəvisində qurulduğunu bildirib. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə sadəcə aktual suallara cavab deyil, Azərbaycanın dəyişən dünya düzənində özünü necə gördüyünü və hansı prinsiplərlə hərəkət etdiyini ortaya qoyan konseptual çıxışdır.

Danılmaz həqiqətlərdən biri də odur ki, əlverişli investisiya mühiti, təhlükəsizlik və sabitlik kimi meyarlar həm ölkənin iqtisadi tərəqqisində, həm də xarici sərmayələrin cəlb edilməsində həlledici rol oynayır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri