23 yanvar 2026 08:15
141

Qrenlandiya ilə bağlı saziş Rusiya və Çin layihələrinə qadağanı nəzərdə tutur

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte arasında razılaşdırılmış Qrenlandiya üzrə çərçivə sazişi adada alyansın komandanlıq mərkəzinin yaradılmasından tutmuş Rusiya və Çin investisiyalarına qadağaya qədər beş əsas komponenti əhatə edir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin məlumatına görə, Tramp və Rütte arasında müzakirə olunan razılaşma 1951-ci ildə Vaşinqton və Kopenhagen tərəfindən imzalanmış Qrenlandiyanın müdafiəsi haqqında müqavilənin yenilənməsini nəzərdə tutur. Artıq Qrenlandiyada hərbi infrastruktur yaratmaq, qoşun yerləşdirmək və idarə etmək azadlığına malik olan ABŞ öz hərbi heyəti üçün tam muxtariyyət və mütləq immunitet əldə edəcək.

Diplomatik mənbənin sözlərinə görə, çərçivə sazişinin digər mühüm bəndləri adada NATO komanda mərkəzinin yaradılması, ABŞ-nin Qrenlandiyanın faydalı qazıntılarına çıxış əldə etməsi və Rusiya ilə Çinin adada investisiya və digər layihələr həyata keçirməsinə imkan verməyəcək müstəsna rejim barədə razılaşmadır. Nəhayət, ABŞ-yə Qrenlandiya satışa çıxarıldığı halda, onu üstünlük hüququ ilə almaq imkanı verilməsi nəzərdə tutulur.

Məqalədə qeyd olunub ki, bunun müqabilində ABŞ Avropa ölkələrinə qarşı tariflərin tətbiqindən imtina etməyə və sazişin detalları üzrə müzakirələrə başlamağa razılıq verib.

Qrenlandiya Danimarkanın tərkibinə muxtar ərazi statusu ilə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq müqavilə imzalayıb və ABŞ adanı mümkün təcavüzdən müdafiə etməyi öhdəsinə götürüb.