Formula 1 komandaları 2026-cı il mövsümü üçün yeni avtomobillərin təqdimatını davam etdirirlər. Avtomobil istehsalçılarını təmsil edən zavod komandaları arasında ilk olaraq Audi öz bolidini nümayiş etdirmişdi. Ardınca isə Ferrari və Mercedes-AMG komandaları yeni maşınlarını ictimaiyyətə təqdim ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə "autopilot.ru" saytı məlumat yayıb.
Ferrari komandası 2026-cı il üçün hazırladığı avtomobilini SF-26 indeksi ilə təqdim edib. Bu, Maranello təmsilçisinin Formula 1 tarixində istehsal etdiyi 72-ci boliddir. Yeni maşının rənglənməsində ötən illə müqayisədə qırmızı rəngin çaları dəyişib, qara və ağ elementlərin payı isə artıb.
Mercedes-AMG komandası isə yeni avtomobilini Mercedes-AMG F1 W17 E Performance adı ilə təqdim edib. Bolidin liveryasında qara və gümüşü rənglər üstünlük təşkil edir, yan hissədəki yaşıl xətt isə burun hissəsindən arxa antikriloya qədər uzanır. Mühərrik örtüyü çoxsaylı üçşüalı ulduzlarla bəzədilib. Komandanın heyətində britaniyalı Corc Rassell və ötən mövsüm debüt edən italiyalı Andrea Kimi Antonelli çıxış edəcək.
Audi-də olduğu kimi, Ferrari və Mercedes-AMG təqdimatlarında da avtomobillərin yekun versiyaları deyil, ilkin variantları nümayiş etdirilib. Mövsümöncəsi testlərə qədər və ilk Qran Priyə qədər bütün komandaların aerodinamik elementlər daxil olmaqla müxtəlif komponentlər üzərində təkmilləşdirmələr aparacağı gözlənilir.
Qeyd edək ki, 2026-cı il mövsümü Formula 1-də ciddi texniki reqlament dəyişikliklərindən sonra keçirilən ilk mövsüm olacaq. Yeni qaydalara əsasən, bolidlər daha yüngül və kompakt olub, hərəkətli ön və arxa antikrilolara malik aktiv aerodinamika sistemi ilə təchiz ediləcək.