Qafqaz vahid iqtisadi məkan kimi formalaşdıqca, Azərbaycanın iştirakı ilə yaradılan yeni nəqliyyat marşrutları Gürcüstan üçün də əlavə üstünlüklər yaradacaq və regionun beynəlxalq əhəmiyyətini daha da artıracaq.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri və "Xalq Gücü" Partiyasının sədri Sozar Subari Cənubi Qafqazda gedən proseslər, Zəngəzur dəhlizi və Gürcüstanın tranzit rolu ilə bağlı açıqlamasında bildirib.
Sozar Subari qeyd edib ki, Zəngəzur dəhlizi Gürcüstan üçün rəqib deyil, uzunmüddətli perspektivdə regiona daha çox yük cəlb edəcək.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi yaxın müddətdə Gürcüstan üçün rəqib marşrut olmayacaq, əksinə, uzunmüddətli perspektivdə regionda alternativ yolların artması daha çox yük axınına səbəb olacaq.
Subari bildirib ki, beynəlxalq müstəvidə bəzən "Tramp marşrutu" adlandırılan marşrutun yaxın illərdə tammiqyaslı istifadəsi real deyil və bu səbəbdən Gürcüstandan keçən mövcud tranzit yollarına təhlükə yaratmır. Onun fikrincə, gələcəkdə Cənubi Qafqazda bir neçə alternativ nəqliyyat dəhlizinin mövcudluğu Orta Dəhlizə marağı artıracaq və bu da Gürcüstan üçün yeni iqtisadi imkanlar yaradacaq.
Deputat xüsusilə Azərbaycanın rolunu qabardaraq qeyd edib ki, Cənubi Qafqazda sülhün bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm və müsbət hadisədir. Subarinin sözlərinə görə, Ermənistan cəmiyyətinin də bu reallığı qəbul etməsi regional sabitliyə töhfə verir.
Zəngəzur dəhlizi ilə bağlı danışan S.Subari vurğulayıb ki, marşrutun əsas məqsədi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməkdir və bu, coğrafi baxımdan tamamilə təbii və məntiqli addımdır. Onun fikrincə, gələcəkdə Azərbaycanla Ermənistan arasında yüklərin birbaşa daşınması da normal proses olacaq və Gürcüstanın bundan itirəcəyi gəlir böyük həcmdə deyil.
Subari həmçinin qeyd edib ki, Naxçıvandan Türkiyəyə uzanan və Şərqlə Qərbi birləşdirən yeni tranzit imkanları bütün region üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, bu cür layihələr Gürcüstanın tranzit rolunu zəiflətmir, əksinə, bütün dəhlizlər üzrə yük həcminin artmasına şərait yaradır.
Türkiyə Balkan yarımadasında sülh, sabitlik və rifaha töhfə verməyi davam edəcək