29 yanvar 2026 22:01
140

Naxçıvan şəhərində şəhid baş leytenant İbrahim Qasımovun XATİRƏSİ YAD EDİLİB - FOTO

Yanvarın 29-u Naxçıvan şəhərində antiterror əməliyyatları şəhidi, baş leytenant İbrahim Qasımovun doğum günüdür. Bu əlamətdar gündə şəhidin məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.

“İki sahil” xəbər verir ki,  daha sonra Naxçıvan Texniki Kollecində keçirilən tədbirdə gənc yazar Əzizə Həsənovanın qələmə aldığı “Üç rəngli bayrağımın dördüncü rəngi Şəhidim” adlı kitabının təqdimatı olub. Tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Texniki Kollecin direktoru Asəf Ruşanov Azərbaycanın vətənpərvər övladlarının ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi qətiyyəti, fədakarlığı və qəhrəmanlığı yüksək qiymətləndirərək İbrahim Qasımov kimi igidlərin həyatı və döyüş yolunun gələcək nəsillər üçün bir məktəb rolu oynadığını qeyd edib. Natiq həmçinin, torpaqlarımızın azadlığı uğrunda aparılan ikinci Qarabağ müharibəsində, “Qisas”, “Antiterror” və digər əməliyyatlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi Zəfərlərə qısaca nəzər salaraq bu qələbələrdə xalq-ordu birliyinin əvəzsiz rolunu vurğulayıb.

Şəhidin mövludu günü münasibətilə onun ailəsinə ən səmimi hisslərini çatdıran Asəf Ruşanov onlara dərin hörmət və ehtiramını ifadə edib. Eyni zamanda, kitabın müəllifi Əzizə Həsənovaya təşəkkürünü bildirərək belə əsərlərin təhsil ocaqlarında təqdimatının əhəmiyyətindən danışıb.

Tədbirdə şəhid ailələrindən Əbülfət Əliyev, Gürşad Sadiqova, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə Veteranları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigar, eləcə də digər yazarlar, şairlər, şəhidin sinif yoldaşları, müəllimləri və Əlahiddə Ümumqoşun Ordunun zabiti çıxış ediblər. Bildirilib ki, şəhid baş leytenant İbrahim Qasımov Vətən qarşısında xidmət borcunu sona qədər layiqincə yerinə yetirib və onun adı Azərbaycan Ordusunun şərəfli tarixində fədakarlıq və sədaqət rəmzi kimi yaşayır. Qeyd edilib ki, şəhidlərimizin keçdiyi həyat və xidmət yolu gənc nəsilin milli ruhda formalaşmasında mühüm mənəvi dayaqdır.

Daha sonra kitabın müəllifi Əzizə Həsənova çıxış edərək kitabın ərsəyə gəlməsində ona dəstək olanlara, məlumatların hazırlanmasında yaxından iştirak edənlərə təşəkkürünü bildirərək şəhidin ailəsinə dərin hörmət və ehtiramını ifadə edib. O, şəhidin həyat yoldaşına və anasına hədiyyələr təqdim edib.
Sonra şəhidin atası Malikəjdər Qasımov və qardaşı Allahverdi Qasımov çıxış edərək bu əlamətdar gündə ailənin yanında olduqlarına görə bütün tədbir iştirakçılarına və kitabın müəllifinə minnətdarlıqlarını bildiriblər.

Tədbir kollec tələbələrinin hazırladığı əbədi-bədii kompozisiya və xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Qasımov İbrahim Malikəjdər oğlu 1992-ci il yanvar ayının 29-da Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Əliabad şəhər orta məktəbində almış, daha sonra Azərbaycan Kooperasiya Universitetinə qəbul olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan İbrahim Qasımov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları layiqincə yerinə yetirmiş İbrahim Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Şəhid ailəli idi və Malik adlı bir oğul övladı Vətənə əmanət qalıb.

Ruhu şad olsun!

Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi