02 fevral 2026 01:10
260

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

Gənclik hər bir dövlətin strateji potensialı, cəmiyyətin isə ən dinamik və fəal təbəqəsidir. Azərbaycanın müasir inkişaf mərhələsində gənclər ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayır, dövlət quruculuğu prosesində fəal iştirak edirlər. Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda müasir dünyagörüşünə malik olmaqla cəmiyyətin inkişafına mühüm töhfələr verir.

Azərbaycanda gənclər siyasətinin əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun təşəbbüsü ilə gənclər dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, gənclərin hərtərəfli inkişafı üçün hüquqi və institusional baza formalaşdırılmışdır. “Gənclər siyasəti haqqında” qanun, dövlət proqramları və strateji sənədlər gənclərin cəmiyyətə inteqrasiyasını və fəallığını təmin edir.

Ulu Öndər Heydər Əliyev  dekabr 2002-ci ildə demişdir : “Bizim xalqımızın  gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm  də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni mərhələyə qədəm qoymuş, gənclərin idarəetmədə təmsilçiliyi, innovativ təşəbbüslərə cəlb olunması və beynəlxalq platformalarda iştirakı genişlənmişdir. Bu, gənclərin dövlətə olan inamını və məsuliyyət hissini daha da artırmışdır.

Təhsil gənclərin cəmiyyətin inkişafında əsas rol oynadığı sahələrdən biridir. Azərbaycan gəncləri ölkə daxilində və xaricdə nüfuzlu ali təhsil müəssisələrində təhsil alaraq elmi biliklərə yiyələnir, innovativ ideyalar irəli sürürlər. Dövlət tərəfindən həyata keçirilən təqaüd proqramları və beynəlxalq təhsil layihələri gənclərin intellektual potensialının yüksəlməsinə xidmət edir.

Elm və texnologiya sahəsində gənclərin fəallığı ölkənin rəqabət qabiliyyətinin artmasına, biliklərə əsaslanan iqtisadiyyatın formalaşmasına mühüm təsir göstərir.

Azərbaycan gəncləri sahibkarlıq, könüllülük, sosial layihələr və startap təşəbbüsləri vasitəsilə cəmiyyətin inkişafında fəal iştirak edirlər. Gənclərin məşğulluğunun təmin olunması, onların əmək bazarına inteqrasiyası sosial sabitliyin və iqtisadi inkişafın əsas amillərindəndir.

Könüllülük hərəkatı gənclərin ictimai məsuliyyətini artırmaqla yanaşı, onların liderlik və təşkilatçılıq bacarıqlarını inkişaf etdirir. Bu fəaliyyətlər gənclərin cəmiyyətlə dövlət arasında körpü rolunu oynamasına şərait yaradır.

Azərbaycan gəncliyinin dövlət və cəmiyyət qarşısında ən mühüm vəzifələrindən biri Vətənə sədaqət və milli maraqların qorunmasıdır. Xüsusilə Vətən müharibəsi dövründə gənclərin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və birlik milli ruhun təcəssümü olmuşdur. Bu, gənclərin dövlətin təhlükəsizliyində və suverenliyinin təmin olunmasında mühüm rol oynadığını bir daha sübut etmişdir.

Gənclər milli mədəniyyətin, dilin, adət-ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayırlar. Eyni zamanda, qloballaşma şəraitində Azərbaycan gəncliyi milli kimliyi qorumaqla müasir dünyaya inteqrasiya edir, ölkənin mədəni irsini beynəlxalq arenada təbliğ edir.

Dövlət və cəmiyyətin davamlı inkişafı birbaşa gənclərin bilik, bacarıq və fəallığından asılıdır. Azərbaycan gəncliyi bu gün yalnız ölkənin gələcəyi deyil, həm də bu günkü inkişafının əsas hərəkətverici qüvvəsidir. Onlara göstərilən dövlət qayğısı və yaradılan imkanlar gənclərin potensialını reallaşdırmağa, güclü və müasir Azərbaycanın qurulmasına xidmət edir.

Leyla Quliyeva,  
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü