Bu gün 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması müasir dövlət gənclər siyasətinin banisi, Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkəmizdə gənclərlə bağlı vahid və məqsədyönlü dövlət siyasətinin əsası qoyulmuşdur. Bu siyasətin mühüm addımlarından biri kimi 1994-cü ildə gənclər siyasətinin həyata keçirilməsini təmin edən Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan gəncliyi daim dövlətin diqqət və qayğısını hiss etmişdir. Ulu Öndərin təşəbbüsü və dəstəyi ilə 1996-cı il 2 fevral tarixində Azərbaycan gənclərinin I Forumu keçirilmiş, bu hadisə gənclərin ictimai-siyasi həyatda fəallığının artmasında mühüm rol oynamışdır. Növbəti ildə, yəni 1997-ci ildən etibarən Prezident sərəncamı ilə 2 fevral tarixi Azərbaycanda rəsmi olaraq Gənclər Günü kimi qeyd olunmağa başlanmışdır.
Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə müasir düşüncəli, intellektual səviyyəsi yüksək, idarəetmə bacarığına malik gənc nəsil formalaşmışdır. Müasir Azərbaycan gəncliyi ümummilli liderin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərini yüksək qiymətləndirir, onun rəhbərliyi ilə qorunub saxlanılan müstəqilliyi, elmin və təhsilin inkişafını, ölkəmizin siyasi və iqtisadi yüksəlişini, gənclərə göstərilən diqqət və qayğını dərin ehtiramla xatırlayır.
Ulu Öndərin müəyyən etdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafına geniş imkanlar açmış, onların cəmiyyətdə fəal vətəndaş kimi formalaşmasında mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində icra olunan çoxsaylı proqram və layihələr Azərbaycan gəncliyinin dövlətçiliyə sadiq, savadlı və dünyagörüşlü bir qüvvə kimi yetişdiyini nümayiş etdirir.
Prezident İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqətin bariz nümunələrindən biri 2007-ci ilin “Gənclər ili” elan edilməsi olmuşdur. Həmin il dövlət başçısı tərəfindən “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmiş, bu proqram minlərlə gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaratmışdır.
Bununla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə ilk dəfə olaraq “Gənclər üçün Prezident Mükafatı” təsis edilmişdir. Bu mükafat gənclərin elmi, mədəni, sosial və ictimai fəaliyyətə marağını artırmaqla yanaşı, onların uğurlarının dövlət səviyyəsində qiymətləndirilməsinin göstəricisidir.
Aydan Nəsibova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının
“General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü