Finlandiya hökuməti pilotsuz uçuş aparatlarının (PUA) mümkün hücumları və havadan yaranan təhlükələr fonunda Finlandiya körfəzini mülki gəmilərin hərəkəti üçün müvəqqəti olaraq bağlamaq imkanını istisna etmir.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Antti Hyakkyanen məlumat verib.

Nazir Finlandiyanın məşhur "Ilta-Sanomat" nəşrinə verdiyi müsahibəsində vurğulayıb ki, bu cür qabaqlayıcı təhlükəsizlik tədbirləri zərurət yaranarsa, çox operativ şəkildə tətbiq edilə bilər.
Hyakkyanen regiondakı coğrafi və hərbi vəziyyəti bu cür şərh edib: "Finlandiya körfəzi o qədər dardır ki, burada vəziyyət cəmi bir neçə dəqiqə ərzində tamamilə dəyişə bilər".
Müdafiə idarəsinin rəhbərinin sözlərinə görə, havadan real təhlükə qeydə alınacağı təqdirdə, sözügedən akvatoriya mülki və ticarət gəmilərinin təhlükəsizliyini qorumaq məqsədilə dərhal naviqasiyaya qapadılacaq.