18 fevral 2026 11:43
128

Bakı-Belqrad: qarşılıqlı etimad müstəvisində yüksələn strateji tərəfdaşlıq münasibətləri

Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir. Səfər çərçivəsində səsləndirilən bəyanatlar, keçirilən görüşlər və imzalanan sənədlər göstərdi ki, rəsmi Bakı ilə Belqrad arasında münasibətlər artıq təkcə siyasi dialoq səviyyəsində deyil, real iqtisadi və enerji layihələri müstəvisində də dərinləşir.

Dövlətimizin başçısının bəyanatında Serbiya Prezidenti Aleksandar Vuçiç barədə səsləndirdiyi fikirlər münasibətlərin mahiyyətini açıq şəkildə ortaya qoyur. Liderlər arasında uzun illərə söykənən qarşılıqlı etimad, səmimi ünsiyyət və dostluq münasibətləri ikitərəfli əlaqələrin əsasını təşkil edir. Azərbaycan tərəfi Serbiyanın dövlət suverenliyinin qorunması istiqamətində apardığı siyasəti yüksək qiymətləndirir və bu kontekstdə qarşılıqlı dəstək prinsipini önə çəkir. Beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək Bakı–Belqrad münasibətlərində dəyişməz siyasi xətt kimi çıxış edir. Bu yanaşma münasibətləri prinsipial və uzunmüddətli xarakterə malik əməkdaşlıq modelinə çevirir.

Səfər çərçivəsində Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir. Bu mexanizm əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsinə, prioritet istiqamətlərin müəyyənləşdirilməsinə və qərarların icrasına nəzarətin təmin olunmasına xidmət edir.

Müzakirə olunan məsələlər siyasi dialoqdan iqtisadi əməkdaşlığa, energetikadan nəqliyyat əlaqələrinə qədər geniş spektri əhatə edib. Bu isə göstərir ki, tərəflər münasibətləri yalnız cari maraqlar üzərində deyil, gələcəyə hesablanmış strateji planlaşdırma əsasında qururlar. Energetika sahəsi hazırda Azərbaycan–Serbiya münasibətlərinin əsas lokomotivi kimi çıxış edir. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və ixrac həcminin artırılması barədə razılaşma iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində qarşılıqlı asılılığı və əməkdaşlığı gücləndirir.

Birgə elektrik stansiyasının inşası təşəbbüsü isə əməkdaşlığı yeni mərhələyə daşıyır. Bu layihə Serbiyanın daxili enerji istehsal gücünün artırılmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və potensial ixrac imkanlarının genişlənməsinə xidmət edəcək. Azərbaycan tərəfinin böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bəyan etməsi Serbiyada formalaşmış müsbət investisiya mühitinə və aparılan islahatlara verilən real dəyərdir. Dövlətimizin başçısı qeyd edib ki, məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.

Eyni zamanda, Azərbaycanın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü yaratmaq planı və bərpaolunan enerji layihələrinə genişmiqyaslı investisiyalar yatırması Serbiya ilə bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər yaradır. Bu faktor tərəfdaşlığın yalnız ənənəvi enerji mənbələri ilə məhdudlaşmadığını, yaşıl enerji istiqamətində də inkişaf etdiyini göstərir. Dövlətimizin başçısı mətbuata bəyanatında vurğulayıb ki, bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir: “Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq”.

Serbiyanın təbii resurslara malik olmamasına baxmayaraq, iqtisadi inkişaf tempini qoruması və xarici investisiyalar üçün cəlbedici məkana çevrilməsi Prezident İlham Əliyevin çıxışında vurğulanıb. Bu məqam iki mühüm amili - güclü dövlət idarəçiliyi və davamlı islahat siyasətini ön plana çıxarır. Azərbaycanın Serbiyaya sərmayə yatırmaq niyyəti yalnız iqtisadi maraqlarla deyil, strateji tərəfdaşlıq ruhu ilə də izah olunur. Birgə investisiya layihələri sənaye, energetika və nəqliyyat sektorlarında yeni sinerji formalaşdırır və münasibətləri daha dayanıqlı edir.

Səfərin mühüm nəticələrindən biri də yüksək səviyyəli təmasların davamlı xarakter almasıdır. Qarşılıqlı səfərlərin davam etdirilməsi, müntəzəm görüşlərin keçirilməsi və birgə layihələrin icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi tərəfdaşlığın dinamikliyini təmin edir. Prezident İlham Əliyevin “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!” ifadəsi isə münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də humanitar və mənəvi ölçüyə malik olduğunu göstərir.

Beləliklə, Prezident İlham Əliyevin bu səfəri Azərbaycan–Serbiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Siyasi etimad, qarşılıqlı suverenlik dəstəyi, enerji və investisiya layihələri, eləcə də genişmiqyaslı əməkdaşlıq mexanizmləri iki ölkəni strateji tərəfdaşlıqdan praktik və çoxşaxəli sinerji mərhələsinə daşıyır. Bu gün Bakı ilə Belqrad arasında formalaşan model qarşılıqlı hörmətə, milli maraqlara sadiqliyə və uzunmüddətli strateji planlaşdırmaya əsaslanan əməkdaşlıq nümunəsi kimi çıxış edir.

Bədəl Bədəlov,
​Milli Məclisin deputatı