18 fevral 2026 11:44
104

Azərbaycan–Serbiya modeli: siyasi iradə və qarşılıqlı etimad

Azərbaycanın uğurlu xarici siyasət kursu yüksək tərəfdaşlığa, etibarlı əməkdaşlığa əsaslanır. Yeni dövrdə regional güc mərkəzi kimi çıxış edən respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əlaqələr mühiti formalaşdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünyada böyük etimad qazanan ölkə - etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz ilə yaxın münasibəti olan dövlətlər respublikamızın inkişaf modelini hər zaman örnək sayırlar. Bu baxımdan, Azərbaycanın strateji tərəfdaşlarından olan Serbiya hər zaman ölkəmizlə əlaqələrə yüksək dəyər verir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin mövcud inkişaf dinamikasını əks etdirir. Səfər zamanı Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyeva Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etməsi mədəni-humanitar dostluğa dərin hörmətin ifadəsi hesab edilə bilər. Azərbaycan və Serbiya dövlət başçılarının keçirilən təkbətək görüşündə yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı ilə bağlı faydalı müzakirələr aparılıb, siyasi-iqtisadi və humanitar platformalarda ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını vəziyyəti müsbət dəyərləndirilib.

İki ölkə arasında diplomatik münasibətlər 1997-ci ildə qurulub. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri, eyni zamanda siyasi dialoq aktuallığını qoruyub. 2011-ci il iyunun 8-9-da Prezident İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib. Həmçinin, bu tarixdə Azərbaycanın Serbiyada səfirliyi açılıb.

İki ölkə arasında mühüm siyasi dialoq mövcuddur. Ötən dövrdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Hazırkı Prezident Aleksandar Vuçiç 2015-ci ilin aprelində Baş nazir qismində, sonradan isə Prezident statusunda dəfələrlə Bakıya səfər edib. Serbiya Prezidenti hər zaman Azərbaycanla dostluğa böyük dəyər verdiyini bildirib. İndiyədək iki ölkə arasında bir çox yüksəksəviyyəli sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Prezident İlham Əliyevin 2022-ci ilin noyabr ayında Serbiyaya baş tutan səfəri çərçivəsində isə dövlət başçıları “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar. İki ölkə arasında siyasi dialoqun yüksək dinamizmlə inkişaf etməsi, həmçinin indiyədək imzalanan sənədlər qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsinə müsbət təsir göstərir. Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya rəsmi Bakının yaxın əməkdaş ölkələrindən sayılır.

Millət vəkilinin sözlərinə görə, Belqradda Prezident İlham Əliyevin və Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi də mühüm siyasi-iqtisadi hadisə hesab edilə bilər. Tərəflər Şurada bir sıra mühüm mesajlar verməklə yaxın dostluq əlaqələrinin daim irəli getdiyini vurğulayıblar. Əməkdaşlıq planlarına əsasən, yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşların açılması, mədəniyyət, idman, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, hərbi-texniki əməkdaşlıq kimi müxtəlif sahələrdə mümkün imkanların genişləndirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Serbiya dost ölkələrdir, bu dövlətin milli bayram günündə rəsmi səfərin baş tutmasının özü aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir: “Dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur. Bu gün Dövlətçilik Günüdür, dövlətçilik haqqında düşündüyümüz bir gündür”. Azərbaycan Prezidenti həmkarı Vuçiçlə geniş müzakirələr apardığını bildirib və onun geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı baxışı, bilik və təcrübəsinin güclü təəssürat yaratdığını xatırladıb. Belə ki, Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmaq hədəflərə maksimum dərəcədə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Pərvin Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi əlaqələrin yeni vizyonunu müəyyən etməklə mühüm hüquqi bazanın yaradılması kimi səciyyələndirilə bilər. Bu sənədlər siyasi, iqtisadi, sosial həyatın bütün sahələrində münasibətləri yaxşılaşdırmaq üçün möhkəm zəmin rolunu oynayacaq. Ümumilikdə, əvvəlki sənədlər və yeni imzalanmış anlaşma memorandumları müasir əməkdaşlıq gündəliyinin genişlənməsinə və potensialların reallaşdırılmasına, o cümlədən enerji sektorunda dayanıqlı təminatlara möhkəm hüquq baza yaradır.

Bundan əlavə, Serbiya Azərbaycan qazı alan Avropa ölkələrindən biridir.  Prezident İlham Əliyev bu baxımdan Serbiyanın enerji təhlükəsizliyində də köməyimimizi əsirgəməyəcəyimizi bəyan etdi: “İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq”.

“Beləliklə, Azərbaycan-Serbiya əlaqələri yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri isə qarşılıqlı münasibətlərimizi daha da gücləndirəcək”, - deyə Pərvin Kərimzadə vurğulayıb.