İranın müəyyən dairələri tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mülki infrastruktura qarşı həyata keçirilmiş dron zərbəsi təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, beynəlxalq hüquq və regional təhlükəsizlik müstəvisində də ciddi qiymətləndirilməlidir. Dövlət sərhədini keçərək digər ölkənin ərazisinə pilotsuz uçuş aparatı ilə zərbə endirilməsi beynəlxalq hüquqda “güc tətbiqi” kimi xarakterizə olunur və bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin birbaşa pozuntusudur. Həmin müddəaya əsasən, dövlətlər beynəlxalq münasibətlərdə hər hansı ölkənin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiq etməkdən və ya bununla hədələməkdən çəkinməlidirlər.
Bu fikirləri "İki sahil"ə açıqlamasında politoloq Ramiz Alıyev bildirib: “Naxçıvanda mülki obyektlərin hədəf alınması məsələyə əlavə hüquqi və humanitar çalar verir. Beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri mülki şəxslərin və mülki infrastrukturun qorunmasıdır. Əgər zərbə həqiqətən də mülki obyektə yönəlibsə, bu, yalnız dövlətlərin suverenliyinə qarşı deyil, eyni zamanda mülki təhlükəsizliyə qarşı da ciddi təhdid kimi qiymətləndirilməlidir. Bu cür addımlar regionda onsuz da həssas olan təhlükəsizlik balansını daha da sarsıdır və təhlükəli presedent yaradır. Azərbaycanın mövqeyi isə ardıcıl və açıqdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç bir halda üçüncü dövlətlərə qarşı istifadə olunmayacaq.”

Ploitoloq qeyd etdi ki, bu prinsip həm beynəlxalq hüquqa hörmətin, həm də mehriban qonşuluq siyasətinin tərkib hissəsidir. Ötən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə fəaliyyət göstərən İran səfirliyinə gedərək İranın ali dini liderinin vəfatı ilə əlaqədar başsağlığı verməsi, dövlətlərarası münasibətlərdə hörmət və siyasi etikanın qorunmasına verilən önəmin göstəricisidir. Bu addım Azərbaycanın münasibətləri gərginləşdirmək deyil, əksinə, dialoq və qarşılıqlı hörmət müstəvisində saxlamaq niyyətini nümayiş etdirir. Belə bir fonda Naxçıvana qarşı dron zərbəsi Azərbaycanın ərazi suverenliyinə və təhlükəsizliyinə yönəlmiş təhdid kimi dəyərləndirilməlidir. Dövlətlərin ərazi toxunulmazlığı beynəlxalq sistemin əsas sütunlarından biridir və bu prinsipin pozulması yalnız iki ölkə arasında deyil, bütövlükdə regionda sabitliyə mənfi təsir göstərir. Xüsusilə son dövrlərdə İran tərəfindən qonşu dövlətlərə münasibətdə müşahidə olunan hərbi xarakterli addımlar regionda əlavə gərginlik yaradır və müharibə risklərini artırır. Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirini nazirliyə çağıraraq etiraz notası təqdim etməsi diplomatik praktikada qəbul edilmiş və adekvat reaksiyadır. Bu addım həm hüquqi mövqenin rəsmiləşdirilməsi, həm də qarşı tərəfin məsuliyyətə çağırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, İran tərəfinin məsələyə dərhal, şəffaf və aydın münasibət bildirməsi vacibdir. Dövlətlərarası münasibətlərdə inamın qorunması üçün bu cür insidentlər ya təkzib olunmalı, ya da obyektiv araşdırılmalı və nəticələri açıqlanmalıdır.”
R.Alıyevin sözlərinə görə məsələnin daha geniş kontekstdə təhlili göstərir ki, pilotsuz uçuş aparatlarının istifadəsi müasir münaqişələrdə “aşağı intensivlikli təzyiq aləti” kimi tətbiq olunur. Lakin dövlət sərhədlərinin pozulması ilə müşayiət olunan bu cür addımlar istənilən halda beynəlxalq hüququn pozuntusudur və legitim müdafiə hüququ məsələsini gündəmə gətirə bilər. Bu isə arzuolunmaz eskalasiyaya yol aça bilər. Azərbaycan regionda sabitlik və əməkdaşlıq tərəfdarı olduğunu dəfələrlə sübut edib. Rəsmi Bakı üçün əsas prinsip suverenliyin qorunması, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüquqa hörmətdir. Naxçıvana qarşı dron hücumu isə bu prinsiplərə zidd addım olmaqla yanaşı, dövlətlərin ərazilərinə qarşı təhlükəli tendensiyanın göstəricisi kimi qiymətləndirilməlidir. Hazırkı şəraitdə ən rasional yol diplomatik kanalların açıq saxlanılması, insidentin obyektiv araşdırılması və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün konkret təminatların verilməsidir. Əks halda, regionda təhlükəsizlik arxitekturası daha da kövrəkləşə və gərginlik yeni mərhələyə keçə bilər. Dövlətlərin məsuliyyətli davranışı və beynəlxalq hüquqa sadiqliyi Cənubi Qafqazda sabitliyin qorunmasının əsas şərtidir.
Prezident: Bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir
Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib - Prezident İlham Əliyev
Gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı, bugünkü hadisə də eyni nəticəni hasil edəcək