Maarifləndirici tədbirdə əsas istehlakçı hüquqları və onların müdafiəsi mexanizmləri diqqətə çatdırılıb, müvafiq sahə üzrə qanunvericiliyin tələbləri və Agentliyin fəaliyyətinin təşkili barədə geniş məlumat verilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində istehlakçı hüquqları ilə bağlı silsilə maarifləndirmə tədbirlərinin keçirilməsi davam etdirilir. Bu çərçivədə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün açıq dərs təşkil olunub. Açıq dərsdə Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdir müavini Azad Məmmədov və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdir müavini Samir Əliyev “İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat zamanı tələbələrə istehlakçıların əsas hüquqları, bu hüquqların müdafiəsi mexanizmləri, istehlak bazarına nəzarət sahəsində fəaliyyətin təşkili, o cümlədən qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.
Bundan əlavə, Agentlik tərəfindən istehlak bazarında həyata keçirilən nəzarət mexanizmləri və qabaqlayıcı tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, istehlakçıların öz hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, onların hüquqi biliklərinin gücləndirilməsi müvafiq sahədə pozuntu hallarının qarşısının alınmasında mühüm rol oynayır. Bu xüsusda Agentlik tərəfindən həyata keçirilən ardıcıl maarifləndirmə tədbirlərinin önəmindən də bəhs edilib.
Açıq dərs zamanı tələbələrə mövzu ilə bağlı praktiki nümunələr təqdim olunub, onların sualları cavablandırılıb.
Azərbaycan Universitetinin əməkdaşları “Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlayıblar
Məcnun Məmmədov Xızı və Abşeronda yerləşən quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub