“2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli”nin elan olunması davamlı və dayanıqlı urbanizasiya prosesinə yeni impuls verəcək
Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin tarixi-mədəni irsinə, şəhərsalma ənənələrinə və memarlıq dəyərlərinə verilən yüksək qiymətin bariz nümunəsidir. Şübhəsiz, bu təşəbbüs urbanizasiya proseslərinin müasir çağırışlara uyğun şəkildə tənzimlənməsi baxımından da strateji əhəmiyyətə malikdir. Bu addımın şəhərsalma və müasir memarlığın inkişafına töhfə verəcəyi şübhəsizdir.
Onu da qeyd edək ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan şəhərsalma və memarlıq sahəsində genişmiqyaslı islahatlar və layihələr həyata keçirilib. Dövlətimizin başçısı bu və ya digər çıxışlarında dəfələrlə vurğulayıb ki, memarlıq və şəhərsalma işləri ölkənin sosial rifahının və iqtisadi inkişafının əsas dayaqlarından biridir.

Milli Məclisin deputatı Günay Ağamalı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması təsadüfi qərar deyil: “Bu, Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa siyasətinin məntiqi davamıdır. Möhtərəm cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti nəticəsində şəhərlərimizin siması dəyişir, yeni yaşayış məkanları formalaşır, insan mərkəzli planlaşdırma prinsipləri dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir”.
Günay Ağamalının fikrincə, şəhərsalma insanın gündəlik həyatının keyfiyyətini müəyyən edən əsas amillərdən biridir: “Rahat nəqliyyat, yaşıl zonalar, sosial infrastruktur, təhlükəsiz və estetik mühit vətəndaşın rifahına birbaşa təsir göstərir. Məhz buna görə də şəhərsalma siyasəti sosial siyasətin ayrılmaz tərkib hissəsinə çevrilib. Qeyd etmək lazımdır ki, genişmiqyaslı quruculuq işləri təkcə şəhərlərin simasının dəyişməsi ilə məhdudlaşmır. Bu kompleks yanaşmadır. Şəhərlərlə yanaşı kəndlərdə də infrastruktur layihələri həyata keçirilir. Qazlaşma prosesi, elektrik xətlərinin yenilənməsi, kəndlərarası yolların asfaltlanması inkişafın təzahürüdür”.
Müsahibimiz daha sonra dedi: “Xüsusilə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın müasir şəhərsalma modelini dünyaya nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni şəhər və kəndlər “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında formalaşır. Bu, həm ekoloji tarazlığı qoruyan, həm də insanların rahat və təhlükəsiz yaşayışını təmin edən yeni yanaşmadır. Tarixi irsin qorunması ilə müasir memarlığın vəhdəti sözügedən bölgələrdə aparılan işlərin ən diqqətçəkən tərəflərindəndir. Yeri gəlmişkən onu da qeyd edim ki, 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli”nin elan olunması Azərbaycanda davamlı və dayanıqlı urbanizasiya prosesinə yeni impuls verəcək. Məqsədimiz müasir şəhərlər qurmaqla yanaşı, eyni zamanda, milli memarlıq ənənələrimizi qorumaq, estetik və funksional yaşayış mühiti yaratmaq, gələcək nəsillərə planlı və sağlam şəhər mədəniyyəti ötürməkdir. Azərbaycanda aparılan şəhərsalma siyasəti artıq region üçün nümunə göstərilən modelə çevrilir və bu istiqamətdə atılan addımlar ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir”.
Milli Məclisin deputatı fikrini bu sözlərlə tamamladı: “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, daha doğrusu, 2026-cı il mayın 17-22-də ölkəmizdə növbəti mühüm beynəlxalq tədbir - BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) da keçiriləcək. Şübhəsiz, bu mötəbər tədbirə Bakının ev sahibliyi etməsi böyük qürurdur. Bu, həm də ölkəmizin qlobal miqyasda etimada layiq görüldüyünün daha bir sübutudur”.
Qvami Məhəbbətoğlu, “İki sahil”