13 mart 2026 00:32
92

Birinci Türkoloji Qurultay: tarixi gerçəklik, gerçəkliyin tarixi

Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən bu möhtəşəm toplantı dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyət sahələrində ortaq elmi platformanın formalaşdırılmasına xidmət etmişdir. Qurultay təkcə elmi hadisə deyil, həm də milli özünüdərk və mədəni inteqrasiya hərəkatının rəmzi idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 22 oktyabr 2025-ci il tarixində imzalanmış sərəncamla Qurultayın 100 illik yubileyinin qeyd olunması bu tarixi hadisəyə verilən yüksək dəyərin göstəricisidir. Sənəd türk dövlətləri arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ortaq milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından mühüm siyasi-mədəni addım kimi çıxış edir.

Əlifba məsələsi və milli kimlik

Qurultay daha çox əlifba islahatı ilə əlaqələndirilsə də, onun mahiyyəti bundan xeyli geniş idi. Ərəb əlifbasının mürəkkəbliyi XIX əsrin ortalarından etibarən maarifçi ziyalılar arasında müzakirə olunurdu. Bu prosesin ideoloji əsasları böyük mütəfəəkkir Mirzə Fətəli Axundzadə tərəfindən hələ XIX əsrdə irəli sürülmüşdü. Onun latın qrafikalı əlifbaya keçidlə bağlı ideyaları sonradan geniş ictimai dəstək qazandı.

Lakin sovet hakimiyyəti dövründə əlifba məsələsi təkcə texniki və ya maarifçilik problemi deyildi; bu, həm də siyasi nəzarət və ideoloji yönləndirmə alətinə çevrilmişdi. 1929-cu ildə ərəb əlifbasının qadağan olunması, 1939-cu ildə isə kiril qrafikasına keçid milli yaddaşa müdaxilənin tərkib hissəsi idi. Proses formal olaraq yeniləşmə kimi təqdim edilsə də, əslində mədəni bağların zəiflədilməsinə xidmət edirdi.

Siyasi nəzarət və repressiya kölgəsi

Qurultayda 131 nümayəndə iştirak etmiş, 17 iclas keçirilmiş və 38 məruzə dinlənilmişdi. Lakin bu elmi müzakirələrin arxasında ciddi siyasi nəzarət mexanizmi dayanırdı. Sovet rəhbərliyi qərarların partiya xəttindən kənara çıxmamasına xüsusi diqqət yetirirdi. Çıxışlar, qətnamələr və hətta terminologiya belə nəzarət altında idi.

Təəssüf ki, Qurultayın bir çox fəal iştirakçıları sonradan repressiyalara məruz qaldılar. 1937-ci ilin qanlı hadisələri milli ruhlu ziyalıların böyük qismini məhv etdi. Onlara qarşı irəli sürülən “pantürkizm” və “panislamizm” ittihamları sovet ideoloji aparatının klassik vasitələri idi. Beləliklə, elmi inteqrasiya və mədəni həmrəylik ideyaları totalitar sistem tərəfindən təhlükə kimi qəbul edildi.

Tarixi miras və müasir reallıq

Buna baxmayaraq, Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında başlanğıc mərhələ kimi tarixə düşdü. Bu gün müstəqil Azərbaycan üçrəngli bayrağı, dövlət dili və milli-mənəvi dəyərləri ilə həmin ideyaların davamçısıdır. Latın qrafikalı əlifbaya qayıdış da uzunmüddətli milli arzunun gerçəkləşməsi kimi qiymətləndirilə bilər.

Müasir dövrdə Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, multikultural dəyərlərə sadiqliyini nümayiş etdirir. Birinci Türkoloji Qurultayın irəli sürdüyü elmi-mədəni əməkdaşlıq ideyaları bu gün türk dövlətləri arasında artan inteqrasiya proseslərində yeni məzmun qazanır.

Tarixi gerçəklik göstərdi ki, ideyalar repressiya ilə məhv edilə bilməz. Qurultayın iştirakçıları fiziki olaraq aradan götürülsələr də, onların irsi və idealları yaşayır. Bu gün qeyd olunan yubiley yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə yönəlmiş strateji baxışın ifadəsidir.

Birinci Türkoloji Qurultay türk xalqlarının, habelə azərbaycanlıların həyatında əlamətdar hadisələ kimi tarixə düşüb. Qurultayın işində Azərbaycan və Rusiyadan, müttəfiq respublikalardan, o cümlədən dünya ölkələrindən bir çox nüfuzlu və tanınmış akademik və professorlar, dilşünas alimlər, folklor biliciləri iştirak edirdilər. 17 iclas keçirilmiş, dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətə dair 38 məruzə dinlənilmişdi. Qurultaya SSRİ-dən və xarici ölkələrdən ümumilikdə 131 nəfər nümayəndə dəvət olunmuşdu. Lakin zal 400 nəfər (təmirdən sonra geniş oturacaqlar qoyulduğundan yer sayı azalıb) tuturdu və maraq göstərənlər zalda ayaq üstə durmağa məcbur olurdular. Bu mənada, Qurultay nümayəndələrinin tam tərkibini müəyyənləşdirmək də müşküldür.

Türk xalqlarının mədəni inteqrasiyasında başlanğıc

Türk xalqlarının mədəni inteqrasiyasında başlanğıc mərhələ olan bu möhtəşəm tədbir ilk növbədə böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və sonradan ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Müxtəlif dövlətlərdən olan görkəmli adamların fəxri üzv, rəsmi nümayəndə və qonaq kimi bu tədbirdə iştirakı, məruzələrdə və çıxışlarda problem və məsələlər ətrafında qızğın müzakirələr, etiraz və təkliflər, fikirlər bu və digər şəkildə stenoqramlardan (yaxud bütöv stenoqramlar) gizlədilsə də, xatirələrə köçürülmüş, əbədi olaraq yaddaşlara yazılmışdır.

Qurultaya hazırlıq və təşkilati məsələlər, iclasların gedişatında ümumən 37-yə aparan yolun çığırları aydın sezilirdi. Müxtəlif millətlərin düşünən beyinlərinin toplaşdığı Qurultayda gedən müzakirələr, qəbul olunan QƏTNAMƏLƏR özlüyündə repressiyanın QƏTLLƏRinə gətirib çıxarmalı idi. Elə də oldu. Birinci Türkoloji Qurultayın milli ruhlu fəallarından 90 faizi, onların ətrafları və davamçıları antisovet, pantürkizm, panislamizm təbliğatında suçlu bilinərək ölüm cəzasına məhkum olundular, Sibirə sürgün edildilər. Ancaq haqq nazilər, üzülməz, deyib atalar! Ötən yüzilliklər boyunca başımıza gətirilənlər unudulmadı, yaddaşlarda yazılaraq mübarizlik əzmimizə güc qatdı. Türk dövlətlərinin mehriban qonşuluq münasibətləri həm də dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına bir töhfədir.

...Möhtəşəm Zəfərimizlə, Böyük Qayıdışımızla, iqtisadi, siyasi, hərbi, mədəni dirçəlişimizlə nüfuz qazanan Azərbaycan, Şərqin qapısı paytaxt Bakı, gözəlləşən əyalət şəhərlərimiz qonaqpərvərliyi ilə dünyanın diqqət mərkəzindədir. Beynəlxalq təşkilatların, xalqların və insanların dostluq və həmrəylik arzularının vüsət aldığı tədbirlərə ev sahibliyi etmək həm də multukultural adət-ənənələrə söykənən tarixi nailiyyətimiz, eyni zamanda Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü ideyaların reallaşmasıdır.

Mahir CAVADLI,
AMEA Folklor İnstitutu