13 mart 2026 12:48
152

YAP Sədrinin müavini ilə Belarusun ölkəmizdəki səfiri arasında görüş keçirilib - FOTO

Martın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarusun bir-birinin maraqlarına hörmət edən dost və tərəfdaş ölkə olduqları, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu qeyd edilib. Siyasi, iqtisadi, ticari, turizm, səhiyyə, elm, təhsil, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin dövlət başçıları - Prezident İlham Əliyev ilə Prezident Aleksandr Lukaşenkonun diqqət mərkəzində olduğu vurğulanaraq iki ölkənin qlobal müstəvidə bir-birinin mənafelərinin qorunmasına böyük əhəmiyyət verdikləri bildirilib. Beynəlxalq platformalarda qarşılıqlı dəstəyin müştərək strateji hədəflərin reallaşdırılması baxımından önəmi qeyd olunub.

Görüş zamanı Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri də müzakirə olunub. 2025-ci ilin may ayında YAP nümayəndə heyətinin “Belaya Rus” Partiyasının təşkilatçılığı ilə Minskdə keçirilən beynəlxalq partiyalararası konfransda, “Belaya Rus” Partiyası nümayəndələrinin isə YAP-ın təşkilatçılığı ilə ötən il Şuşada keçirilən beynəlxalq konfransda iştirakı məmnunluqla vurğulanıb. Ölkələrimizin səmimi dostluq münasibətlərinin hakim partiyalar arasında əlaqələrin inkişafına əlverişli zəmin yaratdığı qeyd olunaraq gənclər arasında da təmasların sıxlaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin də müzakirə olunduğu görüşdə səfir cari ilin may ayında “Belaya Rus” Partiyasının təşkilatçılığı ilə Brest şəhərində keçiriləcək “XXI əsrdə çoxqütblülük və müxtəliflik şəraitində dövlət suverenliyi və beynəlxalq münasibətlərin prinsipləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün YAP nümayəndə heyətini ölkəsinə səfərə dəvət edib.