13 mart 2026 13:42
93

“Həmkarlar ittifaqları və gənclər” mövzusunda tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Əmək və Sosial Münasibətlər Akademiyasında “Həmkarlar ittifaqları və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin məqsədi gənclərin əmək hüquqları barədə məlumatlılığının artırılması, həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı biliklərin genişləndirilməsi və gənclərin bu sahədə fəallığının təşviq edilməsi olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Akademiyanın rektoru vəzifəsini icra edən Fərid Babayev çıxışında müasir dövrdə gənclərin əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolundan söz açıb, onların əmək bazarında daha fəal iştirakının təmin olunması istiqamətində bu ali təhsil ocağının fəaliyyətindən bəhs edib.

AHİK-in Gənclər, sosial layihələr və gender məsələləri ilə iş şöbəsi müdirinin müavini Gülnarə Hüseynova Konfederasiyanın əsas fəaliyyət istiqamətləri, gənclərlə iş sahəsində həyata keçirilən layihələr və strateji yanaşmalar barədə ətraflı məlumat verib.

AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədr müavini Turanə Kərimova isə təmsil etdiyi təşkilatın gənclərin hərtərəfli inkişafı, sosial müdafiəsi və peşəkar potensialının artırılması istiqamətində reallaşdırdığı layihələrdən danışıb.

Tədbirdə iştirak edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətləri barədə məlumat verərək gənclərin ictimai həyatda fəal iştirakının və hüquqlarının qorunmasının dövlət siyasətinin əsas hədəflərindən biri olduğunu vurğulayıb.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxışında könüllülük hərəkatının gənclərin peşəkar və şəxsi inkişafı üçün mühüm platformaya çevrildiyini qeyd edib. O, “AHİK könüllüləri” proqramının da bu geniş və nüfuzlu könüllü şəbəkəsinin bir hissəsi kimi fəaliyyət göstərməsini yüksək qiymətləndirib.

Elm və Təhsil Nazirliyinin sektor müdiri Səbinə Babayeva isə gənclərin əmək bazarına hazırlanmasında təhsilin və müvafiq dövlət proqramlarının rolundan bəhs edib, bu istiqamətdə həyata keçirilən təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirin diqqətçəkən məqamlarından biri də həmkarlar ittifaqı üzvləri üçün hazırlanmış, gündəlik həyatda müxtəlif güzəştlər və imkanlar təqdim edən “AHİK plus” proqramının təqdimatı olub. AHİK-in İnformasiya texnologiyaları və rəqəmsal idarəetmə şöbəsinin sektor müdiri Mətanət Musayeva rəqəmsal platformanın funksiyaları, üstünlükləri və istifadə qaydaları barədə iştirakçılara geniş məlumat verib.

Tədbir gənclərin fəal iştirakı ilə keçirilən interaktiv sual-cavab sessiyası və səmərəli müzakirələrlə yekunlaşıb.