13 mart 2026 14:06
86

Azərbaycan qlobal siyasi proseslərdə fəal mövqe tutur

Bakı artıq on üçüncü dəfədir ki, XIII Qlobal Foruma ev sahibliyi edir. Budəfəki forumda da beynəlxalq siyasi mövzular müzakirə olunur. Bu platformada səslənən fikirlər bir daha göstərdi ki, müasir dünya yeni geosiyasi mərhələyə qədəm qoyur. Son illərdə geosiyasi gərginliklər, regional münaqişələr və rəqabətin daha da dərinləşdiyi bir vaxtda fikir ayrılıqları gərginliyi bir qədər də artırır.

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən forumda Azərbaycan Prezidenti İlham Əliyev açılış nitqi ilə çıxış edərək qlobal təhlükəsizlik, enerji sabitliyi, regional sülh və beynəlxalq əməkdaşlıqla bağlı mühüm mesajlar verdi. Dövlət başçımız çıxışında müasir beynəlxalq sistemin ciddi transformasiya mərhələsindən keçdiyini də vurğuladı.

Bu kontekstdə cənab Prezident qeyd etdi ki, beynəlxalq münasibətlər sistemində parçalanma və qarşıdurmaların artdığı bir vaxtda dialoq və əməkdaşlıq platformalarının rolu daha da yüksəlir. Qlobal Bakı Forumu məhz belə bir platforma kimi müxtəlif ölkələrin siyasi liderlərini və ekspertlərini bir araya gətirərək fikir ayrılıqlarının aradan qaldırılmasına xidmət edir. Bu fakt Azərbaycanın həm regional aktor, həm də qlobal diplomatik platforma rolunu gücləndirdiyini göstərir.

Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, hazırkı beynəlxalq şəraitdə hər bir dövlət üçün təhlükəsizlik və sabitlik əsas prioritet olmalıdır. Belə ki, qlobal təhlükəsizlik sistemində balansın pozulması həm regionlarda münaqişələri artırır, həm də iqtisadi sabitliyi təhlükə altına salır. Bu səbəbdən dövlətlər qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanan siyasət yürütməlidirlər.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi enerji bazarındakı qeyri-sabit vəziyyəti də diqqətdə saxlayır. Dövlət başçımız da bildirdi ki, neft və qaz qiymətlərində kəskin artım yalnız istehlakçılar deyil, istehsalçılar üçün də problemlər yaradır və qlobal iqtisadi sabitliyi sarsıdır.

Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda sülh prosesinə də toxundu. O bildirdi ki, Azərbaycan Ermənistanla yekun sülh sazişinin imzalanmasında maraqlıdır və belə bir razılaşma regionda yeni iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan verə bilər.

Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, sülh əldə olunarsa, regionda yeni nəqliyyat marşrutları formalaşa və Ermənistan da ilk dəfə tranzit ölkə statusu qazana bilər. Bu, Cənubi Qafqazda postmünaqişə dövrünün əsas strateji istiqamətlərindən biridir.

Ümumiyyətlə, XIII Bakı Qlobal Forumunda aparılan müzakirələr, səslənən bəyanatlar onu deməyə əsas verir ki, bu gün qlobal təhlükəsizlik və sabitliyin qorunması prioritet olaraq qalır. Həmçinin regional əməkdaşlıq və sülh iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir. Bakıdan səslənən mesajlar isə bir daha Azərbaycanın qlobal siyasi proseslərdə fəal mövqe tutduğunu və beynəlxalq dialoqun təşviqinə töhfə verdiyini təsdiqləyir.

Nigar Məmmədova,
Milli Məclisin deputatı