13 mart 2026 23:45
78

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 13 mart 2026-cı il tarixində Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin qəbulunu keçirib.

“İki sahil” xəbər verir ki, əvvəlcə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.