14 mart 2026 18:04
91

Serbiya 2040-cı ildən sonra nüvə elektrik stansiyalarının ümumi gücünü 1 000 MVt-a çatdıra bilər

Serbiyada nüvə enerjisinin enerji balansına daxil edilməsi nəzərdə tutulur və 2040-cı ildən sonra ümumi gücü 1 000 MVt-a çatan nüvə elektrik stansiyalarının istifadəyə verilməsi imkanları qiymətləndirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi ilə Fransanın EDF enerji şirkətinin başçılıq etdiyi fransız şirkətlərindən ibarət konsorsiumun birgə hazırladığı nüvə enerjisinin sülh məqsədli tətbiqinə dair ilkin texniki araşdırmada qeyd olunub. Nüvə elektrik stansiyalarının inşası 2050-ci ilə qədər olan proqnozları əhatə edən İnteqrasiya olunmuş Milli Enerji və İqlim Planına əsasən, ssenarilərdən birində nəzərdə tutulur.

Nazirliyin məlumatında vurğulanıb ki, 2024-cü ilin noyabrında qəbul olunmuş "Energetika haqqında" qanuna edilmiş dəyişikliklər nəticəsində nüvə elektrik stansiyalarının tikintisinə tətbiq edilmiş qadağa ləğv olunub və bununla da 30 ildən artıq müddət ərzində davam edən moratorium aradan qaldırılıb.

EDF şirkətinin biznesin inkişafı üzrə rəhbəri Antuan Gelfi qeyd edib ki, araşdırmanın ümumi nəticəsi birmənalıdır və nüvə enerjisi Serbiya üçün strateji seçim ola bilər. Onun sözlərinə görə, EDF Serbiyanın potensial nüvə proqramı üçün dəqiq yol xəritəsi və strateji tövsiyələr hazırlayıb və növbəti mərhələdə də əməkdaşlığı davam etdirməyə hazırdır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin tövsiyələrinə müvafiq olaraq nüvə enerji proqramı üçün lazımi infrastrukturun qurulması üzrə fəaliyyətlər üç mərhələyə və 19 əsas infrastruktur məsələsinə ayrılıb. Birinci mərhələ nüvə enerjisinin inkişafına başlamaq barədə qərar verilməzdən öncə bu addımın məqsədəuyğunluğunun araşdırılmasını nəzərdə tutur.

İkinci mərhələ nüvə enerjisi proqramının reallaşdırılması barədə qərarın qəbulunu, nüvə reaktorunun növünün seçilməsini, müqavilələrin bağlanmasını və nüvə obyektinin inşasına hazırlıq işlərini əhatə edir.

Üçüncü mərhələ isə nüvə obyektinin inşasını nəzərdə tutur və bu mərhələ stansiyanın elektrik şəbəkəsinə qoşulması ilə yekunlaşır. Planlara əsasən, 2027-ci ilin ortalarınadək hökumətin nüvə proqramının həyata keçirilməsinə dair qərar qəbul etməsi üçün tələb olunan bütün tədqiqatların tamamlanması gözlənilir. Bundan sonra diqqət institusional, tənzimləyici və peşəkar potensialın möhkəmləndirilməsinə yönələcək. Əsas hədəf ondan ibarətdir ki, 2032-ci ilə qədər Serbiya texnologiya seçimi və tikinti üzrə müqavilələrin bağlanması prosesinə başlamağa hazır olsun və təxminən 2040-cı ilədək nüvə elektrik stansiyası elektrik şəbəkəsinə qoşula bilsin.

Birinci mərhələdə qanunvericilik bazasının formalaşdırılması və tənzimləyici hazırlığın dəyərləndirilməsi; nüvə təhlükəsizliyi infrastrukturunun yaradılması; insan resurslarının yetişdirilməsi; maliyyə mənbələrinin və xərclərin analizi; nüvə proqramı üçün dövlət satınalmaları strategiyasının işlənib hazırlanması; nüvə elektrik stansiyasının inşası və istismarı üçün mövcud və tələb olunan sənaye potensialının dəyərləndirilməsi; təchizat zəncirinin qurulması və bu prosesdə yerli sənayenin iştirakının təmin edilməsi nəzərdə tutulur. Bu mərhələdə eyni zamanda maraqlı tərəflərin prosesə cəlb olunması və nüvə proqramına ictimai dəstəyin formalaşdırılması xüsusi önəm daşıyacaq. Yerli müəssisələrin nüvə stansiyasının tikintisində iştirak imkanları və ölkədəki sənaye potensialının inkişaf strategiyası da nəzərdən keçiriləcək.

Birinci və ikinci mərhələlərdə nüvə proqramının inkişafına Nüvə Enerjisi Proqramının hazırlanması və tətbiqi Qrupu rəhbərlik edəcək. Bu qurum nazirlik daxilində fəaliyyət göstərəcək və müxtəlif təsisatların nümayəndələrindən ibarət idarələrarası ekspert işçi qrupu ilə birgə işləyəcək. Hər iki struktur birlikdə nüvə proqramının həyata keçirilməsi üzrə milli qurumu - NEPIO-nu formalaşdıracaq. Müzakirələr əsnasında vurğulanıb ki, Serbiyanın nüvə proqramının inkişafında serbiyalı mühəndislər, fiziklər, texniklər və hüquqşünaslar, eləcə də universitet və tədqiqat institutlarının mütəxəssisləri aparıcı rol oynayacaq və kadr hazırlığına fasiləsiz investisiya yatırılacaq. Müxtəlif qurumların bu sahədə institusional əməkdaşlığı üçün ilkin hüquqi əsas 2024-cü ilin iyulunda imzalanmış nüvə enerjisinin tətbiqinin inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu vasitəsilə yaradılıb. Bu sənəd dövlət strukturları ilə yanaşı 20-dən çox universitet, institut və elektroenergetika şirkətini özündə birləşdirir.

Serbiyanın mədənçilik və energetika nazirinin nüvə enerjisi üzrə xüsusi müşaviri Miroslav Popoviç bildirib ki, bu araşdırmanın ən əhəmiyyətli nəticəsi Serbiyanın nüvə enerjisinə doğru ilk yol xəritəsinin ortaya qoyulmasıdır: "Həmin yol xəritəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin yanaşmasına uyğun şəkildə hazırlanıb və nüvə proqramının inkişafı üçün hansı addımların atılması lazım olduğunu göstərir. Həm ənənəvi, həm də kiçik modul tipli nüvə elektrik stansiyaları üçün texnoloji variantların müqayisəli analizi aparılıb və heç bir konkret istiqamət əvvəlcədən kənarda saxlanılmayıb. Elektrik enerji sisteminin təhlili göstərir ki, nüvə enerjisi sistemin sabitliyinə, idxaldan asılılığın azaldılmasına və dekarbonizasiya prosesinə ciddi töhfə verə bilər. Təmiz enerji və etibarlı təchizat Serbiyanın qarşıdakı onilliklər ərzində enerji təhlükəsizliyi üçün vacibdir və buna nüvə enerjisi olmadan nail olmaq çətindir".

Qeyd edək ki, texniki araşdırmanın ictimaiyyətə təqdimatı bu gün Serbiya Ticarət Palatasında keçirilib. Təqdimat zamanı qeyd olunub ki, gələcəkdə inkişafın getdikcə daha çox data mərkəzlərinə, süni intellektə, sənaye və nəqliyyat sahələrinin elektrikləşdirilməsinə söykənməsi enerjiyə olan tələbatın artacağı anlamına gəlir.