16 mart 2026 18:30
102

Tərbiyə adı ilə zorakılığa hüquqi məhdudiyyət

Sosioloq: Uzun illər formalaşmış ənənəvi tərbiyə modeli bəzi ailələrdə fiziki cəzanın hələ də normal davranış kimi qəbul edilməsinə səbəb olur

Son illər uşaqların hüquqlarının qorunması və onların təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi məsələsi hüquqi və ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yeni təşəbbüslər irəli sürülür. Belə təşəbbüslərdən biri də uşaqlara qarşı tərbiyə adı altında tətbiq edilən fiziki və psixoloji zorakılığın qarşısının alınmasına yönəlir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də İnsan hüquqları komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, uşağın tərbiyəsi və ya intizam tədbiri adı ilə ona qarşı fiziki və ya psixoloji zorakılıq tətbiq edən şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Təklif edilən dəyişiklik valideynləri və onları əvəz edən şəxslərlə yanaşı, uşaqlara nəzarət və qayğı funksiyasını həyata keçirən müxtəlif müəssisələrin əməkdaşlarını da əhatə edir.

Sənədə görə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və istirahət müəssisələrinin, həmçinin penitensiar qurumların işçiləri tərəfindən uşağa qarşı cismani cəza tətbiq edildiyi halda həmin şəxslər iki yüz manat məbləğində cərimə ediləcək. Bu norma yalnız həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti yaratmadığı hallarda tətbiq ediləcək.

Təklif edilən dəyişiklik cəmiyyətdə uşaqlara münasibət, tərbiyə üsulları və zorakılıq anlayışı ətrafında müzakirələri yenidən aktuallaşdırır.

“Uşağı döyməsən tərbiyə olmaz” stereotipi haradan gəlir?

Cəmiyyətdə uşağın tərbiyəsi məqsədilə fiziki cəzanın tətbiqi hələ də bəzi ailələrdə normal davranış kimi qəbul olunur. Bu yanaşmanın formalaşmasına təsir edən amillər barədə danışan sosioloq Rəvan Əliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu yanaşmanın kökündə əsasən ənənəvi tərbiyə modeli dayanır. Uzun illər bir çox ailələrdə “uşağı döyməsən tərbiyə olmaz” kimi stereotiplər formalaşıb və bu düşüncə nəsildən-nəslə ötürülüb. Digər tərəfdən, bəzi valideynlər öz uşaqlıq təcrübələrini model kimi qəbul edir və eyni davranış formasını təkrarlayırlar. Sosial maarifləndirmənin zəif olması, uşaq psixologiyası barədə məlumatın azlığı və emosional idarəetmə bacarıqlarının formalaşmaması da bu yanaşmanın davam etməsinə təsir edən mühüm amillərdəndir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin valideynlərin tərbiyə üsullarına və ümumilikdə ailə münasibətlərinə mümkün təsirindən danışan R. Əliyev qeyd etdi ki, belə hüquqi dəyişikliklər, ilk növbədə, cəmiyyətdə davranış normalarının dəyişməsinə stimul verir. Valideynlər anlayırlar ki, fiziki cəza artıq tərbiyə üsulu deyil, hüquqi məsuliyyət yarada bilən davranışdır. Bu isə ailələrdə daha çox dialoq, psixoloji yanaşma və alternativ tərbiyə metodlarının tətbiqinə səbəb ola bilər. Uzunmüddətli perspektivdə bu dəyişikliklər valideyn-uşaq münasibətlərinin daha sağlam və qarşılıqlı hörmət əsasında qurulmasına kömək edə bilər.

Uşağın psixoloji inkişafı üçün vacib mühit

Sosioloq fiziki cəzanın qadağan olunmasının uşaqların psixoloji inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını vurğuladı. O bildirdi ki, araşdırmalar göstərir ki, fiziki cəza uşaqlarda qorxu, aqressiya və özünə inamsızlıq kimi psixoloji problemlərin yaranmasına səbəb ola bilər. Onun qadağan olunması isə uşaqlarda təhlükəsizlik hissinin formalaşmasına, emosional sabitliyə və sağlam sosial davranış modellərinin inkişafına şərait yaradır. Belə uşaqlar adətən öz fikirlərini daha rahat ifadə edir, konfliktləri zorakılıqla deyil, ünsiyyət və kompromis yolu ilə həll etməyi öyrənirlər.

Həmsöhbətimiz hesab edir ki, maarifləndirmə ilk növbədə məktəblər, media və sosial platformalar vasitəsilə həyata keçirilməlidir. İnsanlara izah olunmalıdır ki, uşağa qarşı təhqir, alçaltma, davamlı qışqırıq və təzyiq də zorakılığın bir formasıdır. Valideynlər üçün psixoloji maarifləndirici proqramlar, seminarlar və sosial kampaniyalar təşkil edilməsi bu sahədə mühüm rol oynaya bilər. Məqsəd cəmiyyətə göstərməkdir ki, sağlam tərbiyə yalnız fiziki deyil, həm də psixoloji təhlükəsizliyi təmin edən mühitdə mümkündür.

Təkcə cərimə kifayət edə bilərmi?

Uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün hüquqi mexanizmlərlə yanaşı, sosial tədbirlərin də vacibliyinə toxunan R. Əliyev diqqətə çatdırdı ki, hüquqi mexanizmlər vacib olsa da, problemin həlli üçün sosial tədbirlər də paralel aparılmalıdır. Bunlara valideynlik bacarıqları üzrə təlimlər, məktəblərdə psixoloq xidmətlərinin gücləndirilməsi, ailə məsləhət mərkəzlərinin yaradılması və uşaqların müdafiəsi ilə bağlı sosial xidmətlərin inkişafı daxildir. Bundan əlavə, problemin həllində cəmiyyətdə sağlam ailə münasibətlərini təşviq edən sosial kampaniyalar da mühüm rol oynayır. Yalnız hüquqi tədbirlərlə deyil, maarifləndirmə və sosial dəstək mexanizmləri ilə yanaşdıqda bu problem daha effektiv şəkildə azaldıla bilər.

Nigar Orucova, "İki sahil"