17 mart 2026 23:36
203

İndi Novruz bütün dünyanın bayramı hesab olunur

Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilib. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Bu mövzu ilə bağlı müsahibimiz filologiya elmləri doktoru, AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlildir.

-Şübhəsiz, Novruz təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Bu təntənə Novruzun fonunda ölkəmizdə özünü necə büruzə verir?

-Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən  mədəniyyət nümunəsidir. Keçmişdə olduğu kimi, bu gün də  Azərbaycanda  Novruz mart ayının 20-21-də   bahar bayramı kimi qeyd olunur.

Novruzun fəlsəfəsi  xeyirxahlıq, barış və  sosial paylaşmadır.  Qışla yazın mübarizəsi, Xeyirlə-Şərin mübarizəsi kimi anlaşılmış Novruz xeyirxah bir başlanğıc kimi qəbul edilmişdir. Novruzun gəlişi ilə təbiətdə dirilmə, canlanma və yenilənmə baş verir. Təbiətədki yenilənmə cəmiyyətdəki yenilənməyə təkan verir, sosial-mədəni institutlar aktivləşir. Bayram bir mənəvi səfərbərlik hadisəsi kimi cəmiyyətin həyatına daxil olub və bu gün də özünün fələsəfəsinə sədaqətini davam etdirməkdədir.

- Bəzən Novruzu dini bayram kimi təqdim edirlər...

-Novruz ümumbəşəri həmrəylik və xeyirxahlıq  bayramıdır.  Müasir dövrümüzdə Novruz bir çox xalqların ortaq bayramıdır. Bu bayrama tarixi aspektdə baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Novruz bayramı qədim və orta əsrlərdə İslam sivilizasiyasının mənəvi dəyərləri ilə öz mənəvi məzmununu daha da zənginləşdirmişdir. İslam xalqlarının öz dini dəyərlərinə və qədim adətlərinə olan bağlılığı hər iki dəyəri qorumaq üçün  Novruz bayramı dini hadisələrlə əlaqələndirilmişdir. Belə yanaşma xalqın dininə və adətinə hörmətindən irəli gəlmişdir. Xalqın yaddaşında  Novruz həzrət Əlinin doğulduğu, həzrət Əlinin taxta çıxdığı, həzrət Əlinin Fatimeyi-Zəhra ilə evləndiyi gündür.  Nuhun yerə ayaq basdığı gündür; Yunus peyğəmbərin balığın qarnından çıxdığı gündür və s. Bir sözlə, dini rəvayət və əfsanələr bayramın tarixini dinlə izah etmək və onu xalqın mənəvi dəyərlərinə daxil etmək arzusunun  səmimi ifadəsi kimi meydana gəlmişdir.

Novruz bayramı müsəlman xalqlarının ortaq bayramlarından biridir. Bu bayram Ramazan və Qurban bayramları kimi tamamilə İslami bir mahiyyət daşımasa da, xalq onu həmişə böyük təntənə ilə qeyd etmişdir. Orta Asiyadan Balkanalara qədər olan geniş bir coğrafiyada Novruz bayramının təntənəli şəkildə keçirildiyi müşahidə olunmaqdadır. Türkdilli və farsdilli xalqlarla yanaşı, bölgənin digər müsəlman xalqları arasında  da bu bayram böyük bir coşqu və sevgi ilə icra olunaqdadır.  Bu mənada Novruz bayramı multikultural bir mahiyyət də daşıyaraq   etnik və dini çərçivələri aşır və daha geniş sosial-mədəni dairələri əhatə edir.

-Novruz sözü fars dilindədir və “Yeni gün” deməkdir.

-Bunu həm Yeni ilin ilk günü kimi, həm də təbiətin yeni yaradılış günü kimi izah etmək olar. Türk xalqları qədimdən bu günə “Yengi gün” deyiblər. Orta əsrlərdən başlayaraq Novruz sözü ortaq bir söz olaraq işlənməyə başlayır. Bayram sözü türkcədir və özündə bəzəmək, zənginləşdirmək mənaları ifadə edir. Türkcə bayram, farsca cəşn və ərəbcə eyd kimi müsəlman Şərqinin mərasim mədəniyyətinə daxil olan anlayışlar ortaq və ümumi mədəni hadisələrin milli dillərdə ifadə olunduğu anlayışlardır.

Novruz harada və nə zaman yaranıb? Belə bir suala cavab olaraq bildiririk ki, bu bayramı təntənə ilə qeyd edən və onun mənəvi dəyərlərini daşıyan ölkələrin hamısı bu bayramın vətənidir. Bayramı yaşadan xalqların hamısı üçün bu bayram onların əski mövsüm mərasimlərinin tarixi qədər qədimdir.

Türk xalqlarının qışı yola salmaq və yazı qarşılamaqla bağlı keçirdikləri mərasimlər Novruz bayramı kompleksinə inteqrasiya olunub. Altayların “Yılqayak”ı, yakutların “İsıax”ı, çuvaşların “Tura”sı, tatarların “Karqa botkası”, başqırdların “Karqatuy”u, qaqauzların “Qırxlar günü”, xakasların “Çıl pazı”, Sibir türklərinin “Əməl bayramı” və s. yazla bağlı mövsüm mərasimləri vardır. Belə qədim mərasimlərin bir çoxu müasir dövrdə də qeyd olunmaqdadır. Baharın gəlişini “Novruz” adı ilə qeyd etməyən xalqlarda da yaz mövsümü ilə bağlı mərasimlərin tərkib hissələri bir-birinə bənzərdir.

-2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Novruz bayramı Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Hətta ölkəmizdə bu bayramı rəsmi dövlət bayramı kimi qeyd olunur. Sizin fikrinizcə, bütün bunları Novruzun Azərbaycanın milli siyasətində də önəmli yer tutması kimi dəyərləndirmək olarmı?

-Azərbaycanın bir sıra mədəniyyət nümunələrinin UNESCO-nun siyahısına daxil edilməsi sahəsində Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Onun fəaliyyəti nəticəsində Azərbaycanın çox dəyərli mədəniyyət nümunələri artıq UNESCO-nun siyahısındadır. BMT Baş Məclisinin 64-cü sesiyasında qəbul etdiyi qərara uyğun olaraq, martın 21-i “Beynəlxalq Novruz Günü” kimi təsdiq edilib. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış qətnamə layihəsinə İran, Əfqanıstan,  Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniya da qoşulub. Novruz UNESCO-da qeyd edildikdən sonra artıq bu bayram beynəlxalq status qazanıb. İndu bu bayram bütün dünyanın bayramıdır. Orta Asiyadan Balkanlara, Qafqazdan Volqaboyuna  qədər olan böyük bir coğrafiyada qeyd edilən bu qədim bahar bayramı artıq bütün dünyada böyük təntənə ilə keçirilmək istiqamətində genişlənməkdədir. Əlbəttə, bu, həm də bizim milli mədəniyyətimizin dünyaya tanıdılması, humanist dəyərlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində önəmli hadisədir.

-Papaq atmanın bu bayramın atributu olmadığını deyənlər də var.  Bununla bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı. Daha doğrusu, siz bu mövzuda nə düşünürsünüz?

-Novruz bayramının qədim dövrün adətlərini önündə yaşatdığı məlumdur. Bunların içərisində daha çox universal xarakter daşıyan bayram payı yığılması adəti də vardır. Bu adət bir çox dünya xalqlarında müxtəlif şəkillərdə mövcuddur.  Bayramda uşaqların və yeniyetmələrin icra etdikləri bayram payı toplaması adəti  zamanı idman papaqlarından istifadə olunması müasir dövrün yaratdığı  təsirlərdən biridir.  Ənənədə bu adət qurşaq və ya şal vasitəsilə icra edilmişdir. Bu adətin adı da bizim ənənəmizdə “qurşaqatdı”dır. Bu adətin icrası üçün papaqdan isitfadə olunması həm ənənə baxımından, həm də  təmizlik  baxımından doğru deyildir.

-Sovet dönəmində bu bayramla bağlı müəyyən məhdudiyyətlər olub. Qoyulan qadağalar Novruzla əlaqədar hansısa adətləri unutdurubmu? Yəni, Novruz tarixən dəyişikliyə uğrayıbmı?

-Yeni gün, Yengi kün, Yeni yıl, Yılbaşı, Yazbaş, Çağan Navrız, Ergenekon kimi 25-ə yaxın ad altında Şərqi Türküstandan Anadoluya, oradan Balkanlara qədər uzanan geniş bir coğrafiyada, təbiətin canlanması ilə birlikdə yenidən dirilmənin, birlik və bərabərliyin simvolu olaraq qeyd olunan Novruz bayramı Orta Asiya  cümhuriyyətlərində XX əsrin əvvəllərindən başlayaraq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə görə qadağan edilmiş, hətta unutdurulmuşdu.  Azərbaycanda da bayram Sovet dövründə rəsmi şəkildə bayram sayılmayıb. Amma xalq onu evlərində qeyd etməyə davam edib. Dövlətin dəstəyi olmadığı dövrlərdə bir sıra bayram adətləri də passivləşərək unudulub.

Müstəqilliyini bərpa edən türk cümhuriyyətləri milli-mənəvi dəyərlərinə diqqəti artırmış və Novruz bayramını da yüksək rəsmi səviyyədə bayram etməyə başlamışlar. Azərbaycanda da müstəqillik dövründə Novruz bayramının ənənəvi təntənəsinin bərpası istiqamətində önəmli addımlar atılmışdır.

-Novruz xalqımızın ənənəvi bahar bayramı kimi əsrlər boyu  təntənəli şəkildə qeyd olunub. Bu bayram öz tərkibində  milli ənənəvi mədəniyyətimizin bir sıra  nümunələrini də yaşadır. Novruzun  əsas atributları haqqında nə deyə bilərsiniz?

- Bayram edilən hadisə yaz mövsümü olduğu üçün buradakı atributlar da bu və ya başqa şəkildə yazı simvolizə edirlər. Bunların içərisində önəmli təbiət ünsürü olan səmənini qeyd etmək olar. Bayram öncəsindən evlərdə səməni cücərdilməsi, yumurta boyanması,  bayram şirniyyatlarının hazırlanması vacib sayılıb. Bayram axşamlarında tonqal qalanıb və onun üzərindən atlanılıb, qulaq falına çıxılıb və ya digər vəsfi-hallar icra edilib. Bayram günləri, bəzi yerlərdə bayram axşamları “Kosa-kosa” oyunu  oynanılıb. Bayram axşamı uşaqlar qurşaqtdı mərasimini icra ediblər və bayram sovqatları toplayıblar. Müxtəlif cıdır, güləş və digər yarışlar da bayramda icra edilib. Bayram imkan verib ki, xalq özünün yaratdığı xeyirxah ənənələri həmin günlərdə yenidən və təntənəli şəkildə təkrarlasın. Bayramın ən vacib atributu küsülülərin barışması, sosial harmoniyanın və cəmiyyətdə həmrəyliyin təmin olunmasıdır. Bayramda təbrikləşmə, xeyirxah hərəkətlər etmək, bir-birinə dəstək olmaq, insanlara yardım göstərmək, humanist dəyərləri canladırmaq və icra etmək çox vacibdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”