19 mart 2026 09:15
212

Avropa İttifaqı Ermənistana çevik reaksiya qrupu göndərəcək

Bu il iyunun 7-də Ermənistanda parlament seçkilərinin kəskin rəqabət və mümkün siyasi böhran fonunda keçiriləcəyi şübhəsizdir. Yəni, hazırkı iqtidarla müxalifət arasında legitimlik və hakimiyyət uğrunda ciddi mübarizə gözlənilir. Yeri gəlmişkən qeyd edək ki, baş nazir Nikol Paşinyana qarşı sərt mövqe tutan, Azərbaycanın bölgədə yaratdığı yeni reallığı qəbul etmək istəməyən “Qarabağ klanı” adlanan qüvvələr və digər “eks”lər hakimiyyəti ələ keçirməyə çalışırlar. Bu niyyətlə də onlar dəridən-qabıqdan çıxırlar. Müxtəlif yollarla sadə erməniləri özlərinə cəlb etməyə çalışırlar. Son məlumata görə, Ermənistanın keçmiş prezidenti, rusiyayönümlü Robert Koçaryan lideri olduğu "Hayastan" blokunun baş nazirliyə namizədi olub. Bir məsələni də vurğulayaq ki, cəmiyyətin Nikol Paşinyana dəstəyi nə qədər azalsa da, əhalinin Koçaryana nifrəti ondan qat-qat artıqdır. Amma bu seçkidə Moskvanın əsas namizədi milyarder Samvel Karapetyan hesab olunur.

Ermənistanda hakimiyyətlə kilsə arasında da gərginlik artmaqdadır. Qeyd edək ki, bu yaxınlarda Avropa Parlamentinin deputatları qarşısında çıxış edən Paşinyan bildirib ki, Ermənistanda bəzi din xadimləri “müharibə partiyası”nın liderliyini öz üzərlərinə götürüblər. O, həmçinin vurğulayıb ki, onlar öz ətraflarına keçmiş prezidentləri, eləcə də Rusiya və Belarusa yaxın oliqarxları toplayaraq Ermənistanın maraqlarını üçüncü ölkələrə qurban verməyə çalışırlar.

Ermənistanın dezinformasiya, manipulyasiya və xarici müdaxilə də daxil olmaqla böyük bir hibrid təhdid dalğası ilə üzləşmək təhlükəsi də var. Hətta ölkədə süni qarşıdurma yaratmağa, strateji xarici siyasət qərarlarına dolayı müdaxilə etməyə, sülh prosesini gözdən salmağa, dövlət institutlarına inamsızlığı artırmağa yönəlmiş proseslər müşahidə olunur. Son bir ildə rəsmi İrəvan mütəmadi olaraq Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham edib. Hətta baş nazir Nikol Paşinyan və parlament sədri Alen Simonyan müxtəlif platformalarda Rusiyanın Ermənistana qarşı hibrid metodlardan istifadə etdiyini açıq şəkildə bildiriblər. Ermənistan Xarici Kəşfiyyat Xidməti isə başqa bir ölkədə Ermənistan vətəndaşlarına göstərilən təzyiq xüsusunda seçki prosesinə müdaxilə məsələsini qabardıb. Bu mənada hazırda Ermənistan üçün hibrid təhdidlərin mənbəyi Rusiya hesab olunur.

Hakimiyyət seçki prosesi zamanı bu təsir alətlərinin daha da aktivləşdirilə biləcəyindən, xüsusilə də antihökumət tədbirlərinin gücləndiriləcəyindən ehtiyatlanır. Elə bu kimi səbəblərdən Ermənistan parlament seçkiləri ərəfəsində Rusiya dezinformasiyasına qarşı mübarizə aparmaq üçün Brüsseldən qrup göndərilməsini xahiş edib. Avropa İttifaqı (Aİ) da bu xahişi nəzərə alıb. Belə ki, Aİ seçkiləri təhdidlərdən qorumaq üçün bu ölkəyə çevik reaksiya qrupu göndərəcək. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib. “Avropa Ermənistanı xarici müdaxiləyə qarşı mübarizədə tək qoymayacaq” deyən Kallasın sözlərinə görə, bu missiyanın əsas məqsədi Ermənistanın hibrid təhdidlərə effektiv şəkildə cavab vermək qabiliyyətini gücləndirmək və seçki prosesinin şəffaflığını və bütövlüyünü təmin etməkdən ibarət olacaq. Xatırladaq ki, Aİ Moldovada keçirilən parlament seçkiləri zamanı da 20 nəfərlik bir qrupdan istifadə etmişdi.

Bu addım Ermənistanda heç də birmənalı qarşılanmayıb. Məsələn, politoloq Suren Surenyants özünün “Facebook” səhifəsində yazıb ki, Aİ Paşinyan hökumətini qorumağa gəlir: ““Avropa İttifaqı Ermənistan hakimiyyətinin xahişi ilə parlament seçkiləri zamanı hibrid müdaxilə ilə mübarizə aparmaq üçün Yerevana sürətli reaksiya qrupu göndərməyə hazırlaşır”. O, həmçinin vurğulayıb ki, demokratik bir dövlətdə seçkilərin legitimliyi xarici siyasi mərkəzlərin dəstəyindən deyil, vətəndaşların iradəsinin sərbəst ifadəsindən və milli qurumlara olan etibardan qaynaqlanmalıdır. Ermənistan seçkilərinin legitimliyi yalnız azad, rəqabətli və yerli qurumlar tərəfindən nəzarət edilən bir proses vasitəsilə təmin edilə bilər. Onun fikrincə, seçki prosesinin "avropalaşması" daxili siyasi qütbləşməni daha da dərinləşdirəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”