Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 10 il ötür. 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olundu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Dörd gün davam edən döyüşlər çoxəsrlik tariximizə şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi diqqəti, Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətini, eləcə də işğal edilmiş ərazilərimizi hər an azad etməyə qadir olduğunu nümayiş etdirdi. Ordumuzun Aprel döyüşlərindəki qələbələri İkinci Qarabağ müharibəsindəki zəfərin təməlini qoydu.
Aprel döyüşləri göstərdi ki, Azərbaycan öz torpaqlarını müdafiə etmək üçün beynəlxalq hüquq çərçivələrində hərəkət edəcək. Ərazilərin geri alınması və strateji mövqelərin alınması, həm də hərbi strategiya və taktikanın yüksək səviyyədə tətbiq olunduğunu göstərdi.
Ali Baş Komandan İlham Əliyev hər zaman qətiyyətlə bildirir ki, Azərbaycan dövləti, xalqı ölkəmizdə ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcəkdir. Aprel döyüşləri bu qətiyyətin rəmzi oldu. Bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Ordu ilə xalq birliyinin qələbəsi kimi tarixləşdi. Əminliklə təsdiqləndi ki, xalq ordusuna inanır, güvənir, ordu xalqa arxalanır, xalq-ordu birliyi sarsılmazdır.
Aprel döyüşləri işğalla heç vaxt barışmayacağımızı, Qarabağ münaqişəsinin həllinin bizim üçün prioritet olduğunu nümayiş etdirdi. Ermənistanın uzun illər ərzində öz ordusu haqqında yaratdığı miflər darmadağın oldu. Döyüş meydanında və siyasi arenada acı məğlubiyyəti Ermənistanın torpaqlarımızı uzun müddət işğal altında saxlaya bilməyəcəyini təsdiqlədi.
Aprel döyüşlərində əldə edilən hərbi uğur xalqımızı Böyük Zəfərə apardı. 2017-ci ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşü zamanı demişdir: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir".
Aprel döyüşləri xalqımızın minlərlə vətənpərvər, igid oğlunun müqəddəs Vətən torpağının hər qarışı uğrunda canından keçməyə hər an hazır olduğunu mənfur düşmənə, həm də bütün dünyaya bəyan etdi. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi xalqımızı əbədi və əzəli torpağımız olan Qarabağa qovuşdurdu. Cocuq Mərcanlıdan başlanan şərəfli yol Şuşada böyük Zəfərlə bitdi. Bu Zəfərə hər zaman milli birlik və bərabərlik nümayiş etdirən, işğalla barışmayan xalqımızın əzmi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü, düşünülmüş siyasəti, Azərbaycan Ordusunun, əsgərinin cəsurluğu, fədakarlığı və rəşadəti hesabına nail olduq. Zabit və əsgərlərimiz canları-qanları bahasına əsl fədakarlıq göstərərək ən uca zirvəyə - şəhidlik zirvəsinə yüksəldilər. Bu gün istər Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu daim yaşadılır, onların, qazilərimizin qəhrəmanlıqları gələcək nəsillər üçün örnək sayılır.
Aprel döyüşləri sayəsində Lələtəpə yüksəkliyinə qalxan üçrəngli Vətən bayrağı bu gün bütün azad Qarabağ torpaqlarının səmasını bəzəyir, qürur rəmzinə çevrilir. 2016-cı ildə Talış, Gülüstan, Suqovuşan istiqamətlərində ucalan zəfər sədaları 2020-ci ildə Şuşada, 2023-cü ildə Xankəndidə, Xocalıda təntənəsinə qovuşub, Cocuq Mərcanlı sakinlərinin öz doğma evlərinə köçü ilə başlanan qayıdış prosesini zəngilanlıların, füzulililərin, laçınlıların, ağdamlıların Böyük qayıdışlarını mükəmməl şəkildə tamamlayır. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrində böyük ruh yüksəkliyi, inam yaratmaqla yeni qələbələrin qazanılmasına vəsilə oldu. Bu gün hər bir azərbaycanlı zəfər salnaməmizin başlanğıc tarixi kimi Aprel döyüşlərini daim fəxrlə xatırlayır, həmin savaşlarda igidlik nümunəsi göstərərək şəhidlik zirvəsinə yüksələn oğulların əziz xatirəsini dərin hörmətlə, ehtiramla anır.
Gülxarə TARVERDİYEVA,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı